AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsinin əməkdaşları tədbirdə iştirak edib


18.02.2022 / 14:37Mühüm hadisələr



Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə “Müstəqillik illərində Naxçıvanda arxeoloji tədqiqatlar və inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açıb. Qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin hər yerində olduğu kimi böyük bir tarixi keçmişə malik Naxçıvan Muxtar Respublikasında da bölgənin tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır. Sovet dövründə bu diyarda genişmiqyaslı arxeoloji tədqiqatlar aparılmamış, yalnız ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra bu məsələlərə xüsusi diqqət yetirilimişdir. Ulu öndərin respublikamızda rəhbərliyə başlaması ilə arxeoloji tədqiqatların təkcə miqyası deyil, eyni zamanda, istiqaməti də milli mənafelərə uyğun olaraq dəyişmişdir.
Müstəqillik dövründə Naxçıvanın dünyaya səs salan qədim tarixinin öyrənilməsi üçün daha genişmiqyaslı tədqiqatların aparıldığını söyləyən natiq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək II Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatlar haqqında geniş məlumat verib. Arxeoloq alim vurğulayıb ki, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkarlanıb. Bu da muxtar respublikanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ilbəil artması ilə bağlıdır. Arxeoloji tədqiqatlar nəticəsində abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olub. Bu ərazi qədim insanların ehtiyac duyduğu daş duz, mis, mərgümüş, sürmə, gümüş və qızıl yataqları ilə zəngindir. Araz çayına qovuşan Naxçıvançay, Arpaçay, Əlincəçay və Gilançay vadilərinin məhsuldar torpaqları əkinçilik və maldarlıq üçün əlverişlidir. Ona görə də burada tarix boyu məskunlaşma olub.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov müstəqillik illərində Naxçıvan arxeologiyasının əldə etdiyi inkişafdan bəhs edib.
Sonda qonaqlar Mərkəzdə yaradılan kitab sərgiləri ilə tanış olublar.