Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva bildirib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır.
Bildirilib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər şagirdlərin elmə olan marağının artmasına şərait yaradır, onların inkişafında, əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnistutunun baş direktoru, biologiya elmlər doktoru, dosent İsmayıl Məmmədov çıxış edərək muxtar respublika təbiətində rast gəlinən nadir heyvan növləri haqqında məktəblilərə geniş məlumat verib.
Qeyd olunub ki, muxtar respublikanın ərazisi təbii şəraitinə və heyvanlar aləminin zənginliyinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80%-ni təşkil edir.
Məktəblilərin diqqətinə çatdırılıb ki, diyarımızda əlverişli ekoloji mühitin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müxtəlif dövlət proqramları qəbul edilib, ardıcıl tədbirlər görülüb. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikada təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.
Bildirilib ki, görülən tədbirlər nəticəsində Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında bəbir, cüyür ailələrinin və Xəzər uları, Səhra kəkliyi, Hind tirəndazı kimi nadir onurğalı heyvan növlərinin normal yaşam şəraiti bərpa olunub. Həmçinin nadir növlərdən olan muflonların, bezoar keçilərinin muxtar respublika ərazisində sayı xeyli artıb. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənib. Hazırda muxtar respublika ərazisində bəbirlərin 9 fərdinin yaşaması qeydə alınıb.Ümumilikdə muxtar respublikada yayılan 350 növ onurğalı heyvandan 45 növü Qırmızı Kitaba salınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında, Arazboyu, Arpaçay, və Ordubad Dövlət Təbiət Yasaqlıqlarında bu nadir fauna və flora növləri qorunur.
Görüşdə slayd vasitəsi ilə muxtar respublika ərazisində yayılan nadir heyvan növləri haqqında şagirdlərə geniş məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.