Muxtar respublikada elm və təhsilin vəhdəti istiqamətində yerinə yetirilən layihələrdən biri də “Sabahın tədqiqatçıları” layihəsidir. Layihənin əsas məqsədi elmi yaradıcılığa marağı olan şagirdlərin yenilikçi təhsil proqramlarını mənimsəməklə elmi dünyagörüşlərinin artırılmasına, gələcək peşə istiqamətlərini düzgün seçmələrinə və innovativ yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək etməkdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən 2019-cu ildən başlayaraq reallaşdırılan layihə 2021-2022-ci tədris ilində də bir sıra uğurlara imza atıb.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə hazırda 4 məktəbli iki layihə üzrə araşdırmalara davam edir. Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Məmmədova, 3 №-li tam orta məktəbin X sinif şagirdi Fərid Cabbarov, 14 №-li tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərli və E. Sultanov adına 7 №-li tam orta məktəbin X sinif şagirdi Türkan Zülfüqarlının “Naxçıvan Muxtar Respublikasının təbii su mənbələri” adlı məqaləsi Rusiya Təbiətşünaslıq Akademiyasının nəşri olan “Международный школьный научный вестник» (Beynəlxalq məktəb elmi xəbərləri) jurnalında dərc olunub, jurnalın rəsmi internet səhifəsində yerləşdirilib. Məqalə müəllifləri və elmi rəhbər Fizzə Məmmədova sertifikat və diploma layiq görülüblər.
Məktəblilər həmçinin ötən ilin dekabr ayında “İstedadların xəzinəsi” Beynəlxalq Təhsil Mərkəzinin keçirdiyi “Elm və texnologiya” ilinə həsr olunmuş Elmi-praktiki və tədqiqat işləri və layihələri beynəlxalq müsabiqəsində “Naxçıvan Muxtar Respublikasının mineral su ehtiyatları” adlı layihə ilə iştirak ediblər. 167889 layihənin qatıldığı müsabiqənin nəticələrə əsasən Naxçıvan məktəblilərinin layihəsi müsabiqənin münsiflər heyəti tərəfindən I yerə layiq görülərək I dərəcəli diplomla mükafatlandırılıblar.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib