AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədişagirdlərdə elmə marağın artırılması və onlarda ilkin tədqiqat aparmaq bacarığının formalaşdırılmasından ibarətdir. Bu qayə uğrunda səylə çalışan layihə iştirakçıları müxtəlif məzmunlu beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil edir, medallara, diplom və sertifikatlara layiq görülür, elmi məqalələr dərc etdirirlər.
Fəallığı ilə seçilən məktəblilərdən biri də Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi İnci Fərəcovadır. Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyovun rəhbərliyi ilə tədqiqat aparan məktəblinin “Naxçıvan Muxtar Respublikası ərazisində seysmik təhlükə səviyyəsinin və məktəbimdəki şagirdlərin seysmik dayanıqlılığının qiymətləndirilməsi” adlı məqaləsi Rusiyada nəşr olunan “Gənc Alim” beynəlxalq elmi jurnalında ingilis dilində dərc olunub. Qeyd edək ki, jurnal eLIBRARY.RU elmi elektron kitabxanasına daxil olan nəşrlər sırasındadır.
Mövzu ilə əlaqədar NaxçıvanQızlar Liseyində elektron lövhədə dərs təşkil olunub. Dərs zamanı şagirdlərə Naxçıvan Muxtar Respublikasının seysmikliyi, seysmik təhlükəlilik səviyyəsi ilə bağlı geniş məlumat verilib, zəlzələlər zamanı davranış qaydaları haqqında praktik vərdişlərə yiyələnməklə gələcəkdə baş verə biləcək təhlükələrdən qorunmağın yolları göstərilib.
Dərsin sonunda jurnalın redaksiya heyəti tərəfindən göndərilən sertifikat sabahın tədqiqatçısı İnci Fərəcovaya təqdim olunub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib