AMEA Naxçıvan Bölməsi

Hamiliyə götürülən tələbələr AMEA-nın Naxçıvan Bölməsində olublar


22.12.2021 / 15:44Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti görüş keçirilib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin Tarix və filologiya fakültəsinin “Filologiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Görüş zamanı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə bağlı məlumat verib. Vurğulayıb ki, bu Sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Elxan Məmmədov diqqətə çatdırıb ki, İnstitut əsas fəaliyyətini Naxçıvan memarlığının, şəhərsalma və abidələrinin tədqiqi, dekorativ tətbiqi sənət növlərini, musiqi və teatr mühitini, dialekt və şivələrini, onomastikasını, şifahi xalq ədəbiyyatını, ədəbi mühitini öyrənmək istiqamətində qurub.Ümumilikdə 30 əməkdaşın çalışdığı institutda 7 elmi istiqamətli şöbə fəaliyyət göstərir.

İnstitut əməkdaşları respublikamızda və xaricdə müxtəlif tədqiqat müəssisələri, o cümlədən AMEA-nın Ədəbiyyat İnstitutu, Fоlklоr İnstitutu, Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Bakı Slavyan Universiteti, Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Regional Bölməsi, həmçinin Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası və digər elmi müəssisələrlə əlaqələr yaradaraq səmərəli əməkdaşlıq edirlər.

Gənc elmi işçilərin beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə iştirakı, habelə əhəmiyyətli elmi jurnallarda məqalələrinin dərc olunması və digər məsələlər gündəmdə saxlanılaraq onlara lazımi istiqamət və tövsiyələr verilir. Gənclərin müxtəlif tədbir və müsabiqələrdə iştirakı da məhz bölmədə yaradılan şəraitin, uğurla icra edilən kadr hazırlığı işlərinin nəticəsidir.

Daha sonra Naxçıvan Dövlət Universitetinin Filologiya ixtsasının tələbələri İnstitutun profillərinə uyğun şöbələrində olublar. Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik və Onomastika şöbələrində aparılan tədqiqatlarla, əməkdaşların elmi fəaliyyəti ilə tanış olublar. Şöbələrin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

Yekunda tələbələr İnstitutun təşkilatçılığı ilə keçirilən Naxçıvanın dəyərli söz adamlarından olan şair-publisist Müzəffər Nəsirlinin anadan olmasının 110 illiyi ilə bağlı elmi konfransa qatılıblar.