AMEA Naxçıvan Bölməsi

Naxçıvanın ərik genofondundan bəhs edən məqalələr Rusiya və Belarusda nəşr olunub


09.12.2021 / 15:23Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun muxtar respublikanın ərik genofonduna həsr olunmuş iki məqaləsi Belarus və Rusiyanın yüksək impakt faktorlu jurnallarında dərc olunub.
Tədqiqatçının “Naxçıvan Muxtar Respublikasında ərik genofondunun müxtəlifliyi” adlı məqaləsi Belarus Milli Elmlər Akademiyasının “Meyvəçilik” jurnalında, “Naxçıvan Muxtar Respublikasında əriyin bioloji və pomoloji göstəricilərinin tədqiqi”nə həsr olunan növbəti məqaləsi isə Rusiyada “Bitki biologiyası və bitkiçilik: nəzəriyyə, yenilik” elmi jurnalında çap edilib.
Məqalələrdə diqqətə çatdırılır ki, Naxçıvan Muxtar Respublikasında becərilən çəyirdəkli meyvə bitkiləri içərisində ərik bitkisi biokütləsinin miqdarı və əhəmiyyəti baxımından önəmli yer tutur. Əsrlər boyu bölgədə özünəməxsus bioloji və təsərrüfat xüsusiyyətlərinə malik ərik sortları becərilmiş, təbii seleksiya əsasında yeni sortlar yaradılmışdır.
Müəllif ilk dəfə olaraq aşkar edilmiş formaların bioloji xüsusiyyətlərini, pomoloji göstəricilərini öyrənərək müqayisəli təhlil edib. Ekspedisiya, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilən tədqiqatların sonunda Naxçıvan Muxtar Respublikası ərazisində becərilən ərik genofondu üzrə aqrobioloji qiymətləndirilmə aparıb, alınan nəticələri məqalələrə daxil edib. Araşdırmalara əsasən muxtar respublika ərazisində becərilən ərik bitkisinin perspektivli sort və formaları müəyyənləşdirilib. Torpaq və iqlim şəraitinə uyğun müxtəlif yetişmə dövrünə, eləcə də tətbiq istiqamətinə malik formaların seleksiya işlərinin həyata keçirilməsində, sənaye əhəmiyyətli meyvə bağlarının salınmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Tədqiqatlar zamanı yerli, introduksiya olunmuş sort və formaların, fenofazaları, təsərrüfat-texnoloji parametrləri müəyyən olunub. Bir sıra sort və formalar yüksək göstəricilərinə əsasən qruplaşdırılıb.
Məlumat üçün qeyd edək ki, məqalələrin çap olunduğu hər iki jurnal bitkiçiliyin müxtəlif sahələri üzrə seçilən məqalələrin əks olunduğu, dünya elmi üçün xüsusi önəm daşıyan fundamental dövri nəşrlərdir.