AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyində olub


14.12.2021 / 19:04Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin kollektivi dünən görkəmli yazıçı və dramaturq, publisist Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib.
Muzeyin tarixi haqqında məlumat verən bələdçi bildirib ki, muzey ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Qeyd olunub ki, muzeyin Şərq memarlıq üslubunda tikilmiş binası iki əsrlik tarixə malikdir.
Cəlil Məmmədquluzadənin həyatının müxtəlif dövrləri, ailə üzvləri haqqında ətraflı məlumat alan Bölmə əməkdaşları muzeyin ekspozisiyasına daxil olan 300-ə yaxın eksponatla - məişət əşyaları, ədibin müasirlərinə məxsus sənədlər, mütaliə etdiyi klassiklərin əsərləri və digər materiallarla tanış olublar.
“Molla Nəsrəddinçilər” və “Cəlil Məmmədquluzadənin müasirləri və tədqiqatçıları” ilə bağlı eksponatların sərgiləndiyi növbəti zalda isə yazıçı ilə bağlı aparılan tədqiqatların nəticələri, müxtəlif sənədlər və əsərlərinə çəkilmiş illüstrasiyalar haqqında geniş məlumat verilib.
Bildirilib ki, Cəlil Məmmədquluzadənin ədəbi irsi, əsərlərinin tədqiqi və nəşri daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, Naxçıvanda fəaliyyətdə olan Ədəbiyyat Muzeyi, həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrı Cəlil Məmmədquluzadənin adını daşıyır. Yazıçı haqqında aparılan çoxsaylı tədqiqatlar, keçirilən yubiley tədbirləri ədibin irsinə göstərilən diqqətin bir hissəsidir.