AMEA Naxçıvan Bölməsi

Sabahın tədqiqatçılarının ilk uğurları


30.11.2021 / 11:51Mühüm hadisələr



AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsi artıq üçüncü ildir ki, uğurla davam edir. Layihə çərçivəsində 2021-2022-ci tədris ilində bölmənin 29 elmi əməkdaşı və muxtar respublikanın ümuməhsil məktəblərindən 50 şagirdin iştirakı ilə 36 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Layihələrin icrası zamanı şagirdlərə elmi tədqiqat aparmaq, nəzəri biliklərin tətbiqi, sistemləşdirilməsi  kimi bacarıqlar aşılanır. Beynəlxalq  səviyyəli müsabiqə və olimpiyadalarda iştirak edən Naxçıvan məktəbliləri parlaq zəka nümayiş etdirirlər.

Gənc nəsildə elmə marağın artırlmasında səmərəli faliyyət göstərən alimlərdən biri də AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır. Hazırda onun rəhbərliyi ilə dörd məktəbli iki layihə üzərində çalışır.

“Naxçıvan Muxtar Respublikası ərazisindəki yeraltı suların fiziki-kimyəvi xassələrinin təyini” layihəsinin icraçısı Naxçıvan şəhər 3 №-li tam orta məktəbin X sinif şagirdi Fərid Cabbarov və “Naxçıvan Muxtar Respublikası ərazisindəki artezian sularının tədqiqi” layihəsinin icraçısı Naxçıvan şəhər 14 №-li tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərli Erudit onlayn Beynəlxalq kimya müsabiqəsinə qatılmış, hər iki şagird I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür.

Bununla yanaşı, məktəblilər kimya fənni üzrə Moskvada keçirilən “Bilik zamanı” ("Время знаний") Ümumrusiya olimpiadasında  və  Sankt-Peterburqda baş tutan onlayn “Prestij” ("Престиж") Beynəlxalq Təhsil Portalının "Ətrafımızdakı kimya" olimpiadasında 1-ci yerə çıxmış,  I dərəcəli diplomla mükafatlandırılmışlar.

Qeyd edək ki, dosent Fizzə Məmmədova məktəblilərə göstərdiyi səmərəli elmi rəhbərliyə görə müsabiqələrin münsiflər heyəti adından minnətdarlıq məktubu almış, I dərəcəli diplom və medalla mükafatlandırılmışdır. “Sabahın tədqiqatçıları” layihəsində məhsuldar fəaliyyəti ilə seçilən tədqiqatçının ardıcılları bu günə qədər müxtəlif beynəlxalq səviyyəli müsabiqə və layihələrdə ölkəmizi uğurla təmsil etmiş və ümumilikdə 1 gümüş, 8 qızıl medal, 16-sı I dərəcəli olmaqla 18 diploma layiq görülmüşlər. Məktəblilərin hazırladıqları elmi məqalələr müxtəlif toplumarda dərc olunub.

2021-2022-ci tədris ili üzrə ilk uğurlarına imza atan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər yeni-yeni nailiyyətlər vəd edir.