AMEA Naxçıvan Bölməsi

Bölməmizin əməkdaşları müzakirədə iştirak ediblər


24.11.2021 / 17:17Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və AMEA Naxçıvan Bölməsi əməkdaşlarının iştirakı ilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının önəmindən bəhs edib. Qeyd olunub ki, kitab Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.
Natiq diqqətə çatdırıb ki, ölkədə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan müstəqil Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən ulu öndər Heydər Əliyevin tarixi xidmətləridir.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayeva çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi keşməkeşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərini daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdır. Müraciətdə o da vurğulanırdı ki, bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır - hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da belə tarixi hadisənin məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi duyur.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Mehbalıyev çıxışında bildirib ki, dahi rəhbər Heydər Əliyev siyasəti Azərbaycanın təkcə bu günü üçün deyil, həm də gələcək inkişafına və intibahına yönəlmiş uzaqgörənlik nümunəsidir. Ümummilli lider demişdir: “Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaq”. Bu gün bu arzular müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində reallaşmış, müqəddəs torpaqlarımız işğaldan azad edilmişdir.
Sonda Mərkəzdə yaradılan kitab sərgilərinə baxış olub.