AMEA Naxçıvan Bölməsi

Alim hamiliyə götürülən tələbələrə seminar keçib


15.10.2021 / 12:42Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutuna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin III kurs Fizika ixtisası tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.
İnstitutun Fiziki tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məhbub Kazımov əvvəlcə "Alternativ (bərpa olunan) enerji mənbələri" haqqında tələbələrə məlumat verib.
Alim günəş, külək və su enerjisindən səmərəli istifadə yollarından, Naxçıvan Muxtar Respublikasında mövcud olan bərpa olunan enerji qurğularından söz açıb. Muxtar respublika ərazisində külək enerjisindən istifadə üçün qurğuların quraşdırılmasında hansı ərazilərin daha əlverişli olduğundan bəhs edən tədqiqatçı diqqətə çatdırıb ki, Culfa rayonu, Şahbuz rayonunun Batabat və Ordubad rayonunun Ağdərə kəndi ərazisi külək enerjisindən səmərəli istifadə baxımından perspektivlidir.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.