AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən növbəti interaktiv dərs Qars müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev dərsdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda mövcud olan ağır siyasi vəziyyət, xarici qüvvələrin Naxçıvanla bağlı planları, Moskva və Qars müqavilələrinin imzalanmasını labüd edən səbəblərdən bəhs edib. Alim1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanı Azərbaycandan qoparmaq üçün izlədikləri qeyri-leqal siyasi xətt, törədilən qırğınlar haqqında ətraflı məlumat verib. Naxçıvan əhalisinin daşnaklara qarşı inadlı müqaviməti, Behbud ağa Şahtaxtinskinin fəaliyyətinin Naxçıvan dövrü, Türkiyənin bu məsələdəki dəstəyi və rolu, zəruriləşən muxtariyyət məsələsi dərsin aparıcı xəttini təşkil edib.
Akademik şagirdlərə 1921-ci ildə Naxçıvanda keçirilən referendumun muxtariyyət statusunun qazanılmasındakı, Moskva və Qars müqavilələrində Naxçıvanla bağlı müddəanın qeyd olunmasındakı əhəmiyyətini izah edib, onlara tarixi Qars konfransı haqqında məlumat verib. Konfransda Türkiyə heyətinin dayanıqlı mövqeyindən, Rusiyanın müzakirə olunan əraziləri özünə birləşdirmək niyyətlərindən söz açıb. O, aparılan müzakirə və mübahisələrin ardından imzalanan Qars müqaviləsinin mühüm əhəmiyyəti, sazişlə təsbit edilən ərazilər, eləcə də ermənilərin, ermənipərəst qüvvələrin fiaskoya uğrayan siyasətindən bəhs edərək bildirib ki, Qars müqaviləsinin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini təsdiqləmiş, onun sərhədlərini qəti şəkildə müəyyənləşdirmişdir.
“Müddətsiz imzalanmış müqavilə ilə Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi tanıdı, Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın müdafiəsini qəbul etdiyini təsdiqlədi”, - deyən alim Qars müqaviləsini Türk diplomatiyasının mühüm qələbəsi adlandırıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın muxtariyyət əldə etməsində Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verdiyi qeyd edən bölmə rəhbəri dahi liderdən və böyük sərkərdə Mustafa Kamal Atatürkdən sitatlar gətirib. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 8 fevral 2021-ci il tarixli Sərəncam və təsdiq olunan Tədbirlər Planının tarixi keçmişimizə mühüm diqqət olduğunu söyləyib.
Qeyd edək ki, dərsdə gənc nəslin tarixi gerçəkliklərə daha dərindən yiyələnməsi, onların milli vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi əsas amil olmuş, bu qayə uğurla həyata keçirilmişdir. Akademik İsmayıl Hacıyev sonda diqqətə çatdırıb ki, hər bir gənc tarixi həqiqətləri dərindən öyrənməli, əsl vətənpərvər kimi yetişməyi həyatının əsas amalı kimi müəyyənləşdirməlidir, çünki bu günün savadlı məktəblisi Azərbaycanın sabahkı inkişafının qarantıdır.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib