AMEA Naxçıvan Bölməsi

Naxçıvan arxeoloji abidələri ilə bağlı məruzə maraqla qarşılanıb


11.10.2021 / 12:29Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Malta Universitetinin, İzmir Təsəvvür MAM və Aydın Adnan Menderes Universiteti Quşadası Turizm fakültəsinin təşkilatçılığı keçirilən V Tətbiqi İctimai Elmlər beynəlxalq konfransında iştirak edib. Onlayn baş tutan konfrans yutub kanalı vasitəsi ilə canlı yayımlanıb.
Konfransda “Keramika məmulatları fonunda Naxçıvanın Orta Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə edən əməkdaşımız Naxçıvan Muxtar Respublikasının ərazisindəki II Kültəpə, Şahtaxtı, Nəhəcir, Yaycı və digər arxeoloji abidələrdən aşkar etdiyi Orta Tunc dövrünə aid keramika məmulatlarının tipoloji, ornamental xüsusiyyətləri haqqında ətraflı məlumat verərək tədqiqat materiallarını elmi-müqayisəli metodla təhlil edib. Məruzəçi dünya elm nümayəndələrinin diqqətinə çatdırıb ki, aşkar olunan arxeoloji materialların müqayisəsi qeyd olunan dövrdə Naxçıvan bölgəsinin boyalı qablar mədəniyyətinin əsas mərkəzi olduğunu sübut edir.
Məruzənin ardından iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırılıb.