AMEA Naxçıvan Bölməsi

Əməkdaşlarımızın məqaləsi nüfuzlu elmi jurnalda nəşr olunub


06.10.2021 / 12:04Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi əməkdaşlarının “Naxçıvan Muxtar Respublikası ərazisində Cerasus vulgaris Mill. - adi albalı meyvələrinin antioksidant aktivliyi” adlı məqaləsi Hindistanın impakt faktorlu “Biologiya elmləri və biokimya” beynəlxalq jurnalında dərc olunub.

Biologiya üzrə fəlsəfə doktorları Surə Rəhimova, Aydın Qənbərli və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun həmmüəllifliyi ilə ərsəyə gələn məqalədə  muxtar respublika ərazisində bitən yerli və introduksiya olunmuş sort və formalar üzərində aparılan araşdırmaların nəticələri əksini tapıb. Adi albalı növünün rayonlar üzrə yayılması və genetik ehtiyatı haqqında bilgilərin yer aldığı məqalənin digər bir əhəmiyyəti ondan ibarətdir ki, burada çöl tədqiqatları zamanı, eləcə də laboratoriya şəraitində qeydə alınan nəticələr paralel təqdim olunur.

Albalı meyvəsi tərkibindəki fenol birləşmələrinin çoxluğu və meyvələrə rəng verən antosianlara görə antioksidant aktivliyi ən yüksək olan meyvələrdən biridir. Spektrofotometrik metodla aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yetişən adi albalı növü yüksək antioksidant aktivliyə malik olması baxımından digər növlərdən fərqlənir. Tədqiqat nəticəsində albalı meyvələrində yüksək səviyyədə biokimyəvi cəhətdən sərbəst radikal neytrallaşdırma aktivliyi aşkar edilmiş, alınan nəticələr qeyd olunmuşdur.

Olduqca faydalı giləmeyvə hesab olunan albalı bitkisi hələ qədim zamanlardan bəri ürəyin təbii dərmanı sayılır. Albalı ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarını möhkəmləndirir, tonusunu artırır, damar tıxanıqlığı riskini azaldır. İmmun sistemini möhkəmləndirməsi, orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırması, hipertoniya ilə mübarizədə faydalılığı və digər xüsusiyyətləri albalıdan istifadənin önəmini artıran faktorlardandır.