AMEA Naxçıvan Bölməsi

Tələbələr fars və ərəbdilli əlyazma və çap kitabları ilə tanış olublar


01.10.2021 / 12:50Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin Tərcümə (Azərbaycan-fars, Azərbaycan-ərəb) ixtisası üzrə I kurs tələbələri Fondun arxivi ilə tanış olublar. Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov fondda mühafizə olunan elmin müxtəlif sahələrinə aid qədim əlyazma və çap kitabları haqqında tələbələrə ətraflı məlumat verib.
Əlyazma və çap kitabları üzərində fond əməkdaşlarının apardığı tədqiqatların nəticələrindən bəhs edən alim qeyd edib ki, 21 sentyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin yanında keçirilən müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq həmin əlyazma və çap kitabları üzərində tədqiqatların aparılmasına daha çox diqqət yetiriləcəkdir.
Daha sonra Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov və Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyasının müdiri Kubra Vəliyeva fondda mühafizə olunan farsdilli və ərəbdilli çap kitabları, onların müəllifləri, katibləri, tərtibçiləri və bəzi paleoqrafik xüsusiyyətləri haqqında müfəssəl məlumat veriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.