AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyovun “Naxçıvan Muxtar Respublikasının blok quruluşu və yer qabığın seysmikliyi” (Block structure of the Nakhchivan Autonomous Republic and seismicity of the crust) adlı məqaləsi Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Advances in Ecological and Environmental Research” (Ekoloji və ətraf mühitin araşdırılmasında inkişaf) elmi jurnalında dərc olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində seysmoloji məlumatların tədqiqi ABŞ istehsalı 4 peyk rabitə sistemli, rəqəmsal telemetrik seysmik stansiyalardan (Heydərabad, Şahbuz, Naxçıvan, Ordubad) ibarət müşahidə şəbəkəsi əsasında aparılır. Yerli, yaxın, uzaq zəlzələlər, partlayışlar və vulkanlar bu şəbəkədən ötürülən məlumatlar əsasında xüsusi proqram təminatı vasitəsilə emal olunaraq təhlil edilir. Telemetrik stansiyalar şəbəkəsinin muxtar respublika ərazisində sıx yerləşməsi, müasir avadanlıqlarla təmin olunması zəlzələlərin itirilmədən qeydiyyatının aparılmasına və yaxın regionun seysmogen zonalarının öyrənilməsinə, ərazinin mikroseysmikliyinin və seysmik rayonlaşdırılmasının aparılmasına geniş imkanlar açır. Məlumatlar bazası əsasında muxtar respublika ərazisində zəlzələlərın illik kataloqu hazırlanır, episentrlər xəritəsi tərtib olunur.
Tədqiqatçı İlkin Vəlibəyovun baza məlumatları əsasında aparılmış və jurnalın münsiflər heyəti tərəfindən müsbət rəy almış məqaləsində Naxçıvan Muxtar Respublikasının daxil olduğu Araz meqazonasında dərinlik yarılmalarının sərhədləndiyi ərazilər verilmişdir. Regionun seysmoaktiv ərazilərinin Anadolu, Qafqaz və İranın iri tektonik qırılmalarına uyğunlaşması, seysmoaktivliyi ilə seçilən ocaq zonalarının əsasən qafqaz və antiqafqaz istiqamətlərdəki qırılmaların kəsişmələrində yerləşməsi, apardığı müşahidələrin nəticəsi kimi qeyd olunmuşdur. Regionun mürəkkəb tektonik quruluşu, seysmikliyi, deformasiyası, qırışıq bloklu strukturu, buradakı iri dərinlik qırılmaları ilə sərhədlənən seysmogen zonalar və güclü zəlzələlər yarada bilən ocaqlar təhlil olunmuşdur.
Müxtəlif dövrlərdə muxtar respublika və ona yaxın ərazilərdə baş vermiş güclü zəlzələlərın intensivlik xəritəsinə əsaslanan müəllif Naxçıvan Muxtar Respublikası ərazisinin seysmikliyinə görə fərqlənən Ordubad, Naxçıvan, Şahbuz, Sədərək bloklarına ayrıldığı və maqnitudası ml≥4 olan zəlzələlərin bu blokların sərhədlərində müşahidə olunduğu qənaətindədir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib