AMEA Naxçıvan Bölməsi

İstehsal olunan məhsulların səmərəli istifadəsi diqqət mərkəzindədir


07.07.2021 / 15:41Mühüm hadisələr



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Nəbatat bağında becərilən meyvə ağaclarından toplanan məhsulların səmərəli istifadəsi diqqətdə saxlanılan məsələlərdən biridir. Ekoloji təmiz, saf meyvələrin, eləcə də digər məhsulların sovqat verilməsi, satışı, müxtəlif növ meyvə məhsullarının tədarükü, hazırlanan bitki ekstraktları və yağların tərkibinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bölmənin Ordubad rayonunun Əylis kəndi ərazisində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasında müxtəlif tipli məhsulların – meyvə şirəsi, kompot, mürəbbə, cem, bəkməz və standartlara uyğun meyvə quruları istehsal olunur. Məişətdə geniş istifadə olunan gülab, sağlamlıq üçün olduqca faydalı bitki yağları və ekstraktlar hazırlanır.

AMEA-nın Naxçıvan Bölməsi həmçinin müxtəlif festival və yarmarkaların fəal iştirakçısıdır. Bölmədə istehsal olunan müxtəlif tipli məhsulların yarmarkalarda satışı təmin olunur. Əvvəlki illərdə olduğu kimi Bölmənin Nəbatat bağından toplanan göyçə meyvəsi cari ilin may ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə məhsullarının satışı yarmarkasında uyğun qiymətə muxtar respublika sakinlərinə təqdim olunub. Ərik və gilənar ağaclarından yığılan məhsul isə müəssisənin aztəminatlı əməkdaşlarına satılıb. Alma bağından toplanan iki tondan artıq məhsul Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissəyə sovqat olaraq aparılıb.

Qeyd edək ki, Bölmənin “Yaşıl aptek”ində müalicəvi əhəmiyyətə malik qatqısız istehsal məhsullarının uyğun qiymətlərlə satışı təmin edilib.