AMEA Naxçıvan Bölməsi

Əməkdaşlarımızın məqaləsi nüfuzlu jurnalda nəşr olunub


23.06.2021 / 14:07Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və kiçik elmi işçi Hüseyn İmanovun “Su mühitində Tl3AsS4 birləşməsinin alınma şəraitinin tədqiqi” adlı məqaləsi Scopus indeksli “Türkiyə Kimya Dərnəyi Jurnalı A Bölməsi: Kimya” (Journal of the Turkish Chemical Society Section A: Chemistry) nüfuzlu nəşrində dərc olunub.
Məqalədə qeyd olunur ki, talliumun arsenlə əmələ gətirdiyi tiobirləşmələr və onlar əsasında alınan şüşəyəbənzər ərintilər yarımkeçirici, fotoelektrik, akustooptik və s. xassələrə malik qiymətli funksional materiallardır. Tallium arsen sulfoduzları xüsusilə akustooptik (AO) cihazların işləyən elementlərində tətbiqi baxımından maraqlıdır və uzaq infraqırmızı diapazonda tənzimlənə bilən AO filtrlərində səmərəli istifadə edilmişdir. Tl-As-S sistemində faza tarazlığı və şüşə əmələgətirmə, həmçinin aralıq fazalar fiziki-kimyəvi xassələri bir sıra işlərdə tədqiq edilmişdir. Sistemdəki birləşmələr və ərintilər əsasən birbaşa sintez metodu ilə alınmışdır. Müasir avadanlıqlardan istifadə edərək əldə olunan birləşmənin fərdiliyi RFA, DTA və TG analiz metodları ilə təsdiq edilmişdir. Tədqiqat işində Tl3AsS4 birləşməsinin çıxımına mühitin pH-nın və ilkin komponentlərin miqdarının təsiri, eləcə də termal olaraq su mühitində alınması şərtlərinin və bəzi fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsinin nəticələri qeyd olunmuşdur.
Müəyyənləşdirilib ki, 800C temperaturda As2S5 və TlNO3 birləşmələri arasında baş verən reaksiya 3 saat müddətində başa çatır. Sintez temperaturu 1000C-dən aşağı olduqda As2S5 parçalanır və tioarsenitlər qarışığı alınır. 220 0C temperaturda isə termiki emal edilmiş Tl3¬AsS4 birləşməsinin ortorombik quruluşda kristallaşdığı, birləşmənin tam parçalanmasının 6800C-də başa çatdığı qeyd olunur. Tədqiqat zamanı parçalanma və oksidləşmə məhsullarına əsasən birləşmənin stexiometrik tərkibi dəqiqləşdirilmişdir.
Məqalə ilə aşağıdaki link vasitəsilə tanış ola bilərsiniz: https://dergipark.org.tr/tr/pub/jotcsa/issue/60129/854210