AMEA Naxçıvan Bölməsi

Gənc alim və mütəxəssislərin Şəmil Sadiqlə görüşü olub


02.06.2021 / 12:19Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsində Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi Şəmil Sadiqlə görüş olub, yazıçının “OdƏrlər” romanı müzakirə edilib.

Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb. “Naxçıvan torpağının layiqli yetirməsi Şəmil Sadiq Azərbaycan ədəbiyyatına, elminə, təhsilinə - mədəniyyətimizə sədaqətlə xidmət edən söz və fikir adamıdır”, - söyləyən alim yazıçının yaradıcılığı, müxtəlif məzmunlu əsərləri və bu yaradıcı təxəyyülün şah əsəri sayılan “OdƏrlər” romanından söz açıb. Vurğulanıb ki, postmodern üslubda yazılmış əsər axıcılığı, eyni zamanda multikultural dəyərləri, dini və dünyəvi dünyagörüşünü, mifologizm və folklor nümunələrini ehtiva etməsi baxımından da dəyərlidir. Qarabağ münaqişəsinə həsr olunmuş sanballı bədii əsər tariximiz, türkçülüyümüz və mənəvi dəyərlərimizlə bağlılığı ilə yanaşı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətə malikdir.

Yazıçı Şəmil Sadiq tədbirdə çıxış edərək bədii yaradıcılığa marağının formalaşmasında ustadı, görkəmli Azərbaycan yazıçısı İsa Hüseynovun rolu və təsirindən, əsərlərinin məzmun xüsusiyyətlərindən bəhs edib. Natiq “OdƏrlər” romanın ideyası, yazılması, nəşri, əsəri yazarkən keçirdiyi hiss və düşüncələrini müzakirə iştirakçıları ilə bölüşüb.

“Şəmil Sadiqin “OdƏrlər” romanı  postmodern kontekstdə” mövzulu çıxışında AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova yazıçının həyatı və yaradıcılığı, ərsəyə gətirdiyi elmi və bədii əsərlər haqqında ətraflı məlumat verib. Şəmil Sadiq yaradıcılığının dil və üslub xüsusiyyətləri, “OdƏrlər”in süjet xətti, hadisələrin təsviri və digər məsələlərə toxunan tədqiqatçı əsəri nəzəri təhlilə cəlb edib.

Maraqlı keçən tədbirdə bölmə əməkdaşlarından Ramiz Qasımov, Elxan Məmmədov, Səkinə Cümşüdova, Aygün Orucova, Sahab Əliyeva, Leyla Səfərova və Mirsəlim Eminov çıxış edərək “OdƏrlər” romanı haqqında fikirlərini bölüşüblər. Müzakirə zamanı əsərdə təsvir olunan bir sıra fakt və hadisələrin günümüzlə səsləşən məqamlarına aydınlıq gətirilib, II Qarabağ müharibəsinin uğurları xatırlanıb. Qeyd olunub ki, illər öncə böyük ustalıqla qələmə alınmış “OdƏrlər” bugünkü azad Şuşamızın, Qarabağımızın bədii uzaqgörən təsviridir. Müzakirə əsnasında yazıçıya ünvanlanan müxtəlif səpkili suallar cavablandırılıb.

Sonda çıxış edən müəllif yaradıcılığına verilən dəyərə görə minnətdarlıq ifadə edərək bildirib ki, belə tədbirlərin keçirilməsi hər bir yaradıcı insan üçün əsl stimul mənbəyidir.