AMEA Naxçıvan Bölməsi

Alimin keçdiyi interaktiv dərs maraqla dinlənilib


21.05.2021 / 11:31Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Atomun quruluşu. Nüvənin radiaktiv parçalanması” mövzusunda interaktiv dərs olub.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev dərs zamanı məktəblilərə Levkip, Demokrit, Epikür, Lukretsi kimi antik dövr müəlliflərinin “Atom nədir?” sualına cavab axtarmasından, mütəfəkkirlər tərəfindən bu məsələ ilə bağlı irəli sürülən mülahizələrdən bəhs edib. D.Mendeleyev, A.A.Bekkerel, E. Rezerford, Pyer və Mariya Kürilər tərəfindən aparılan araşdırmalardan, əldə olunan elmi nailiyyətlərdən bəhs edən tədqiqatçı bildirib ki, hələ XIX əsrin sonlarında alimlər atomun müsbət və mənfi zərrəciklərdən ibarət olması haqqında məlumatlı idilər. XX əsrdən başlayaraq bu sahəyə marağın daha da artması, elmdə yeni bir mərhələnin başlanğıcı olmuşdur.

Dosent Məmməd Hüseynəliyev dərsdə atomun quruluşu ilə bağlı təqdim olunmuş modellər haqqında da məlumat verib. Elektron, nüvə, proton, neytron, izotop terminlərini sadə və anlaşıqlı şəkildə izah edib. Radiaktiv şüalanma, şüalanmanın növləri, həmin növlər arasındakı fərqləri izah edən alim atom nüvələrinin radiaktiv çevrilmələri və növləri ilə bağlı şagirdləri nümayiş olunan təsvirlər vasitəsilə əyani şəkildə məlumatlandırıb.

İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.