AMEA Naxçıvan Bölməsi

Əməkdaşlarımızın məqaləsi nüfuzlu jurnalda nəşr olunub


17.05.2021 / 17:03Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və böyük laborant Elmar Baxşəliyevin "Naxçıvantəpə yaşayış yerinin Neolit təbəqəsi" adlı məqaləsi “Scopus” indeksli "Российская археология" (Rusiya arxeologiyası) jurnalında  nəşr olunub.

Məqalədə Qarabağ və Naxçıvanın qədim mədəniyyətlərinin Yaxın Şərqə təsirindən bəhs edilir. Bildirilir ki, Qarabağ bölgəsində yerləşən Son Neolit dövrü yaşayış yerlərindən aşkar olunan keramikanın bir qismi basmanaxışlıdır. Naxçıvantəpə yaşayış yerində aparılan araşdırmalar zamanı bu tip keramikanın Naxçıvantəpənin Son Neolit təbəqəsi üçün də xarakterik olduğunu müəyyən edilmişdir. Tədqiqatçılar basmanaxışlı keramikanın Şimal-Qərbi İranda yayılan Dalma Təpə mədəniyyəti üçün də xarakterik olduğuna diqqət çəkirlər. Qeyd olunur ki, ilk dəfə Urmiya gölünün cənub-qərbində - Dalma Təpə yaşayış yerində aşkar olunan Dalma Təpə mədəniyyəti indi bütün Şimal-Qərbi İranı əhatə etməkdədir.  Şimali Mesopotamiya və Şərqi Anadolu mədəniyyətlərindən fərqli olan bu mədəniyyətin mənşəyi, yayılma arealı və xronologiyası indiyədək tam şəkildə öyrənilməmişdir. Lakin Naxçıvantəpədə aparılan qazıntılar zamanı aşkarlanan yeni faktlar Şimal-Qərbi İranda, Urmiya hövzəsində yayılan Dalma Təpə mədəniyyətinin mənşəyi və yayılma arealı ilə bağlı sualları cavablandırmağa imkan yaradır. Tədqiqatçıların fikrincə, Cənubi Qafqazın zəngin xammal yataqları, digər tərəfdən isə Qarabağ və Naxçıvanın bir-birinə yaxın coğrafiyada yerləşməsi Azərbaycanın cənub bölgələri ilə Şimal-Qərbi İran arasında qarşılıqlı əlaqələr yaratmağa imkan vermiş və bu əlaqələr Azərbaycanda, eləcə də Şimal-Qərbi İranda Eneolit mədəniyyətinin formalaşmasında önəmli rol oynamışdır. Azərbaycanın cənubunda yerləşən Naxçıvantəpə yaşayış yeri hələlik Dalma Təpə mədəniyyətinin ən qədim yaşayış yeridir.

Elmi faktlara əsaslanan tədqiqatçılarDalma Təpə mədəniyyətinin e.ə. VI minilliyin sonu – e.ə. V minilliyin başlanğıcında formalaştığı, Dalma Təpə mədəniyyətinin Naxçıvan və Urmiya hövzəsini əhatə edən bölgədə yarandığı və buradan güneyə doğru yayıldığı qənaətindədirlər.