AMEA Naxçıvan Bölməsi

Bioresurslar İnstitutunda Həyat eşqi hekayəsi müzakirə edilib


08.05.2021 / 11:26Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutundaamerikalı yazıçı Cek Londonun “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilən“Həyat eşqi”  hekayəsinin müzakirəsi keçirilib.

Bioresurslar İnstitu­tunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov çıxış edərək mütaliənin insan düşüncəsinə, dünyagörüşünə, problemlərə yanaşma tərzinə göstərdiyi müsbət təsirlərdən söz açıb. Alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının cəmiyyətimizdə kitaba, mütaliəyə marağı daha da artırdığını qeyd edib.

Daha sonra Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayevin “CekLondonun “Həyat eşqi” hekayəsində yaşamaq uğrunda mübarizə” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, yazıçı cəmiyyətdə baş verən hadisələrin təsvir və təhlilini böyük ustalıqla çatdırmış, oxucu təxəyyülündə o dövrün canlı mənzərəsini yarada bilmişdir. Bildirilib ki, həyatı sevən insan düşdüyü vəziyyətdən asılı olmayaraq yaşamaq uğrunda mübarizəsini davam etdirir. Hekayədə oxucuya təlqin olunan əsas ideya da həyatı sevmək, həyat mübarizəsini sona qədər davam etdirə biləcək gücə, iradəyə sahib olmağı bacarmaqdır.

Maraqlı keçən müzakirədə institut əməkdaşlarından Seyfəli Qəhrəmanov, Ramiz Ələkbərov, Çilənay Ələkbərova, Günel Seyidzadə, Cabbar Nəcəfov və Akif Bayramov əsərlə bağlı çıxış ediblər. Çıxışlarda yoldaşlıq, insansevərlik, gələcəyə inam, dözümlülük və cəsarət kimi insani keyfiyyətlərin önəmi vurğulanaraq yazıçının “Həyat eşqi”ndə diqqət çəkdiyi məsələlərə nəzər salınıb. Bildirilib ki, hekayənin süjet xəttinin axıcılığı  və əsər qəhrəmanının haqlı mübarizəsinin əhatəli təsviri hadisələrin oxucu təxəyyülündə canlanmasına şərait yaradır. Müzakirə zamanı Cek Londonun başqa əsərlərindən də sitatlar gətirilərək müqayisəli təhlillər aparılıb. Səsləndirilən fikirlər müzakirənin daha da səmərəli keçməsinə səbəb olub.