AMEA Naxçıvan Bölməsi

Hamiliyə götürülmüş tələbələrin iştirakı ilə elmi-praktiki seminar olub


05.05.2021 / 16:31Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Kimya ixtisası üzrə III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

Elmi-tədqiqat müəssisəsi ilə tanışlıq zamanı institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev tələbələrdə elmə marağın artırılması istiqamətində söhbət aparıb.

Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında AMEA Naxçıvan Bölməsı Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimyəvi reaksiyaların təsnifatı” mövzusunda tələbələrlə fikir mübadiləsi aparıb, sual doğuran bəzi məqamlara aydınlıq gətirib. Sonra laboratoriyanın əməkdaşı, dosent Aliyə Rzayeva ilə birlikdə mövzu dairəsində müxtəlif təcrübələr aparılıb.

Seminar zamanı əvəzetmə reaksiyasına aid təcrübədə mis sulfat duzu məhluluna sink metalı ilə təsir etməklə misin ayrılması prosesi izlənilib. Sonra tələbələr adi suyun distillə suyu ilə müqayisəli kimyəvi analizini müşahidə ediblər. Mübadilə reaksiyasına aid təcrübədə sürmə duzu məhluluna natrium sulfid məhlulu ilə təsir etməklə narıncı rəngli sürmə sulfidin əmələ gəlməsi nümayiş etdirilib. Gənc mütəxəssislər həmçinin kalsium karbonatın xlorid turşusu ilə parçalanma reaksiyası zamanı karbon qazının əmələ gəlməsinin şahidi olublar.

Sonda bölmə əməkdaşları tələbələri maraqlandıran çoxsaylı sualları cavablandıraraq bəzi məsələləri təcrübi yolla izah ediblər.