AMEA Naxçıvan Bölməsi

Bioloq alimin məqaləsi nüfuzlu topluda dərc edilib


03.05.2021 / 16:25Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimovun məqaləsi “Springer” nəşriyyatında çapdan çıxmış iri həcmli “Asiyada biomüxtəliflik, mühafizə və davamlılıq" elmi toplusunun "Qərbi Asiya və Qafqazda perspektivlər və çağırışlar” adlı I cildində ayrıca fəsil şəklində nəşr olunub.

“Azərbaycanın Naxçıvan Muxtar Respublikasının florasında Crataegus (Rosaceae) cinsi” adlı məqalədə muxtar respublika ərazisində yayılan yemişan növlərinin tədqiqi ilə əlaqədar aparılmış işlərin nəticələri haqqında geniş məlumat verilmişdir. Yemişan cinsinin Naxçıvan Muxtar Respublikasıflorasında hazırkı vəziyyətini aydınlaşdırmaq məqsədilə AMEA-nın Botanika İnstitutunun, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Naxçıvan Dövlət Universitetinin herbari fondlarında saxlanılan herbari nüsxələri müqayisəli təhlil edilmişdir. Uzunmüddətli ekspedisiyalar zamanı toplanılan herbari materiallarının təhlili və ədəbiyyat məlumatlarına əsasən müəyyən edilmişdir ki, hazırda Naxçıvan Muxtar Respublikası florasında bu cinsin 22 növü mövcuddur. Burada Qanqırmızı yemişan, Qafqaz yemişanı, Tükcüklüçiçək yemişan, Meyer  yemişanı, Biryuvalı yemişanı, Pallas yemişanı, Yalançı-müxtəlifyarpaq yemişan, Yelpikyarpaq yemişan, Zəngəzur yemişanı, Beşyuvalı yemişan, Çinovski yemişanı, Şərq yemişanı, Pojarkov yemişanı, Pont  yemişanı, Şoviç yemişanı,Turnefor yemişanı kimi 17 növə yabanı halda rast gəlinir. Yaşılmeyvə yemişan, Fərqanə  yemişanı, Qırmızı yemişan, Türkmənistan yemişanı, Sonqar yemişan növləri isə introduksiya olunaraq mədəni şəraitdə park və bağların yaşıllaşdırılmasında istifadə olunur.

Məqalədə adıçəkilən hər bir növün botaniki təsviri verilmiş, növlərin sinonimləri, qurşaqlar üzrə yayılma qanunauyğunluqları, biotopu, çiçəkləmə və meyvənin yetişmə müddətləri haqqında dəqiq məlumatlar əksini tapmışdır. Müəllif əlavə olaraq adıçəkilən növlərin yayıldığı ərazilərin GPS koordinatlarını qeyd etmiş, nadir və nəsli kəsilməkdə olan növləri dəqiqləşdirərək, onların mühafizəsi ilə bağlı təhlillər aparmışdır.