AMEA Naxçıvan Bölməsi

Vətən müharibəsinə həsr olunmuş nümunəvi dərs


29.04.2021 / 18:22Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Culfa rayon Xanəgah kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün nümunəvi dərs keçib.

“Vətən müharibəsində qələbəni təmin edən əsas amillər” mövzusunda keçilən dərsdə alim ermənilərin əzəli torpaqlarımıza köçürülməsi, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib. Qeyd edib ki, uzun illər fürsət axtaran düşmən, ötən əsrin 90-cı illərinin əvvəllərində himayədarlarının fəal dəstəyindən, ölkəmizdə hökm sürən hakimiyyətsizlikdən istifadə edərək soydaşlarımızın ata-baba yurdu Qərbi Azərbaycan ərazisindən deportasiyasına nail olmuşlar. Bununla kifayətlənməyən təcavüzkarlar tarixi Azərbaycan ərazilərini işğal etmiş, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə salmışlar.

Akademik 44 gün davam edən Vətən müharibəsinin uğurlu nəticələrini, Şanlı Azərbaycan Ordusunun sərgilədiyi mükəmməl döyüş bacarığını pedaqoji ustalıqla məktəblilərin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın müzəffər Ordusu qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, 150-dən artıq kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas rəhbəri Ali Baş Komandan, qələbəni qazanan isə müzəffər Ordumuz idi. Müharibənin davam etdiyi günlərdə İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, mərdlik və qətiyyətlilik nümunəsi göstərdi. İstifadə edilən düzgün və həlledici hərbi taktika düşmənin belini qırdı.

Cəsur Azərbaycan oğulları, döyüşdə misilsiz şücaət göstərən qazilərimiz və hərb meydanında qəhrəmancasına şəhadətə ucalan igidlərdən söz açan alim bildirib ki, tökülən qanlar yerdə qalmamış, şəhidlərimizin qisası elə hərb meydanında alınmışdır. 44 günlük müharibə dövründə ordumuzun döyüş meydanında sərgilədiyi igidlik, dövlət başçısının cəsarətli çıxışları düşmən qüvvələrə qarşı tutarlı mübarizə olmaqla yanaşı, parlaq qələbəmizdə də həlledici rol oynadı.

Akademik İsmayıl Hacıyev dövlət, xalq və ordu birliyinin vacibliyi, xalqın milli birliyi, həmrəyliyindən söz açıb. Bildirib ki, qələbəmizi şərtləndirən amillərdən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və siyasi həmrəylik olub. Əsgərlərimizin bu rəğbəti daim hiss etdiyini, döyüşən əsgər və zabitləri ruhlandırmaq üçün “Əsgərə məktub” aksiyasında məktəblilərin xüsusi fəallıq göstərdiyini qeyd edib.

Dərs zamanı məktəblilərdə milli vətənpərvərlik hissinin aşılanması ön planda olmuş, düşmənə nifrət, Vətənə məhəbbət təbliğ olunmuşdur. Alim vurğulayıb ki, bu günün şagirdi sabahın vətənpərvər gəncidir. Bunun üçün də gənc nəsil tariximizi yaxşı öyrənməli, erməni vandallarının xalqımıza qarşı törətdikləri qanlı cinayətləri unutmamalı və bu reallıqların unudulmaması üçün bütün güclərini səfərbər etməlidirlər. Çünki 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, qələbə yalnız döyüş meydanında deyil, informasiya meydanında da qazanılır.