AMEA Naxçıvan Bölməsində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dramaturq, publisist, jurnalist və tərcüməçi Hüseyn Razinin anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafanın Hüseyn Razinin 100 ilik yubileyi münasibətilə konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Akademik daha sonra Əməkdar incəsənət xadimi Hüseyn Razi ilə bağlı xatirələrini bölüşüb, onu ciddi, qətiyyətli, işinə qarşı məsuliyyətli insan kimi xarakterizə edib, şairin çoxşaxəli fəaliyyəti barədə fikirlərini dilə gətirib.
Hüseyn Razi irsinin əvvəlki illərdə də tədqiq olunduğunu qeyd edən bölmə sədri bildirib ki, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 2007-ci ildən nəşr etdiyi “Taleyi və sənəti” seriyasının yenicə çapdan çıxmış növbəti sayı məhz Əməkdar incəsənət xadimi Hüseyn Razinin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Natiq həmin kitabı təqdim edərək əsərin əhatə etdiyi bölmələr haqqında ətraflı məlumat verib.
Məruzələrin təqdimatı ilə davam edən konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Hüseyn Razinin həyatı və yaradıcılığının ümumi mənzərəsi” mövzusunda məruzə edib.
Əbülfəz Quliyev məruzəsində şairin keşməkeşli həyatı və elmi yaradıcılığı haqqında ətraflı məlumat verib. Onun sahib olduğu yüksək insani məziyyətləri, miras qoyduğu zəngin irsin əsas cəhətlərini diqqətə çatdırıb. Şairin elmi və bədii yaradıcılığı ilə yanaşı ictimai fəaliyyətindən danışan professor Hüseyn Razinin “Şərq qapısı” qəzetindəki fəaliyyətindən, gənc qələm sahiblərinin yetişməsinə verdiyi töhfələrdən söz açıb.
Əbülfəz Quliyev bildirib ki, Hüseyn Razi poeziyamızda olduğu kimi, nəsr və dramaturgiya sahəsində də qələmini uğurla sınaqdan keçirmişdir. Onun 6 pyesi Azərbaycan teatrı səhnəsində uğurla tamaşaya qoyulmuşdur. O, həm də Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, 15-ə yaxın kitabı nəşr olunmuşdur.
Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov konfransda “Hüseyn Razinin ədəbi, bədii və elmi irsi” başlıqlı məruzə edib.
Fərman Xəlilov məruzəsində Hüseyn Razinin bədii irsi – şeirləri, poemaları, dramaturgiyası, həmçinin tərcümə, oçerk və məqalələri, yazdığı gündəliklər barədə danışıb. Alim qeyd edib ki, özündən sonra zəngin ədəbi, bədii və elmi irsi qoyan Hüseyn Razinin 700-ə yaxın publisistik məqaləsi Azərbaycan və Rusiya mətbuatında dərc olunmuşdur.
Məruzədə həmçinin Hüseyn Razinin sağlığında nəşr olunan kitablarından, jurnallarda və mətbuatda dərc olunan məqalələrindən bəhs olunub. Razi yaradıcılığına, publisistikasına ithaf olunmuş kitabları diqqətə çatdıran Fərman Xəlilov yenicə işıq üzü görmüş “Hüseyn Razi: taleyi və sənəti” kitabını oun irsinə növbəti töhfə kimi dəyərləndirib.
Məruzəsinin sonunda Fərman Xəlilov şairin dərin məzmunlu şeirlərindən gətirdiyi nümunələr əsasında onları təhlil edib.
Daha sonra Hüseyn Razinin ailə üzvlərindən oğlu Əli Rzayev və nəvəsi Yunis Xəlilov çıxış ediblər. Çıxış edənlər şairlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb, əsərlərindəki aforizm xarakterli fikirlərindən sitatlar gətiriblər. Hüseyn Razinin yaradıcılığına verilən dəyərə və tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda şairin şeirlərinin qiraət olunduğu videoçarx nümayiş olunub. Maraqlı keçən tədbirə akademik İsmayıl Hacıyev yekun vurub.
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib
Naxçıvan etnoqrafiyası
ikicildliyi ictimaiyyətə təqdim olunub
Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir sıra məsələləri müzakirə edib