AMEA-nın Naxçıvan Bölməsində tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudovun 85 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Yaqub Mahmudovun həyatının, eləcə də elmi, pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas mərhələlərinə nəzər salıb, onu yüksək mənəviyyata malik insan kimi xarakterizə edib. Tədbirin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən keçirildiyini diqqətə çatdıran bölmə sədri vurğulayıb ki, konfransın keçirilməsi Yaqub Mahmudovun elmi irsinin tanıdılması və təbliği xarakteri daşımaqla bərabər, həm də gənclərdə elmi yaradıcılığa maraq yaratmaq məqsədi daşıyır.
“Akademik Yaqub Mahmudov Azərbaycan tarix elminin seçilən nümayəndəsi, çoxsaylı elmi problemlərin sistemləşdirilərək tədqiq olunduğu fundamental əsərlərin müəllifi, Turan məfkurəsinə xidmət edən elm xadimidir”, - deyən İsmayıl Hacıyev bildirib ki, fundamentallıq kəsb edən kitab və monoqrafiyaları, 18 cilddə toplanan əsərləri onun tarixşünaslığımıza verdiyi mühüm töhfələrdir.
Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Akademik Yaqub Mahmudovun həyatı və ictimai-siyasi fəaliyyəti”, həmin institutun elmi işlər üzrə direktor müavini. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Akademik Yaqub Mahmudovun elmi fəaliyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Akademik Yaqub Mahmudovun elmi irsində Naxçıvan tarixi məsələləri” başlıqlı məruzələr ediblər.
Məruzələrdə akademikin həyatı və fəaliyyəti barədə geniş məlumat verilib, namizədlik dissertasiyasından başlayaraq müəllifi olduğu əsərlərin mahiyyətindən, bir çox tarixi faktların dəqiqləşdirilməsi və təhriflərin aradan qaldırılmasındakı rolundan söz açılıb.
Diqqətə çatdırılıb ki, Yaqub Mahmudov sahib olduğu təşkilatçılıq bacarığı sayəsində bir sıra məsul vəzifələrin öhdəsindən uğurla gəlmiş, elmi problemlərin tədqiqində yenilikçi yanaşma ortaya qoymuşdur. Məhz onun təşəbbüsü ilə xarici ölkə arxivlərindən tariximizlə bağlı materiallar toplanaraq tədqiq olunmuşdur.
Qeyd olunub ki, akademik Yaqub Mahmudov həm də ictimai və siyasi xadim kimi ölkəsinə, xalqına sədaqətlə xidmət edən alimdir. Onun tariximizlə ilə bağlı yol verilən təhriflərin aradan qaldırılmasında, regionun tarixən türklərə məxsusluğu məsələsinin, tarixi şəxsiyyətlərin öyrənilməsində böyük rolu vardır.
Yaqub Mahmudov həmçinin Naxçıvanın tarixi, arxeoloji abidələri ilə bağlı araşdırmaların müəllifidir. O, Naxçıvanla bağlı saxta erməni iddialarının əsassızlığını tutarlı tarixi faktlar əsasında sübuta yetirmiş, hər zaman azərbaycanşünaslıq elminin zənginləşdirilməsinə xidmət etmişdir.
Məruzələrdən sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çıxışı dinlənilib.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib