AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının iştirakı ilə Bölmənin Elmi Kitabxanasının baş kitabxanaçısı Nuridə Kəngərlinin 70 illik yubileyi və əmək fəaliyyətinin başa çatması münasibətilə tədbir olub.
Yığıncağı açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Nuridə xanımı kollektivin seçilən üzvü, nəcib insani keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan xanımı kimi xarakterizə edib.
Qeyd olunub ki, Nuridə Kəngərli 16 yanvar 1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirib, 1970-1972-ci illərdə Naxçıvan şəhər Maarif İşçiləri Evində fortepiano müəlliməsi işləyib.
1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alaraq kimya müəllimi ixtisasına yiyələnib. İnstitutu bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlayan Nuridə Kəngərli 1977-ci ildən həmin müəssisədə kitabxana müdiri vəzifəsində çalışıb. 1999-cu ildən Elmi-texniki informasiya sektorunda baş mütəxəssis, 2003-cü ildən həmin şöbədə kitabxana müdiri, 2004-cü ildən baş kitabxanaçı, 2006-cı ildən AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru, 2018-ci ildən bugünədək baş kitabxanaçı vəzifələrini uğurla icra edib.
İsmayıl Hacıyev çıxışının sonunda Nuridə xanımı təbrik edib, onu çoxillik səmərəli fəaliyyəti və anadan olmasının 70 illiyi münasibətilə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edib.
Daha sonra çıxış edən yubilyar Nuridə Kəngərli fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq edib.
Bölmə əməkdaşlarından filologiya elmləri doktoru Fərman Xəlilov, AMEA-nın müxbir üzvləri, professorlar Vəli Baxşəliyev və Əbülfəz Quliyev, Elmi Kitabxananın fond müdiri Kəmalə Quliyeva tədbirdə çıxış edərək Nuridə xanımı təbrik edib, ona xoş diləkləri çatdırıblar.