AMEA Naxçıvan Bölməsi

Heydər Əliyevin Naxçıvanın xilası üçün verdiyi Xüsusi tapşırıq


20.12.2023 / 17:29Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanovun “Naxçıvan” Universitetinin baş müəllimi Rəna Qurbanova ilə birgə hazırladığı “Xüsusi tapşırıq” kitabının təqdimat mərasimi olub.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib. Akademik bildirib ki, “Xüsusi tapşırıq” Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

“Naxçıvana gəldikdən sonra bölgəni blokadadan çıxarmaq, qoruyub-saxlamaq, əhalinin yaşayışını təmin etmək kimi çətin və məsuliyyətli vəzifələrin icrasına başlayan Ulu Öndərin təşəbbüsü ilə Dövlət Milli Müdafiə Komitəsi yaradılmışdır. Komitənin əks-kəşfiyyat şöbəsinin rəisi Urfullah Qurbanovun bu planın icrasında müstəsna xidmətləri olmuş, o, bir neçə insanın görə biləcəyi işləri təkbaşına, bacarıqla yerinə yetirmişdir. Belə şərəfli missiya hər adama qismət olmur”, - deyən akademik U.Qurbanovun Gəncədən lazım olan silah və avadanlıqları təyyarə ilə Naxçıvana gətirməsini və yerinə yetirdiyi başqa mühüm tapşırıqlardan bəzilərini diqqətə çatdırıb.

Təqdimat mərasimində kitabın redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Səbuhi Həsənov əsərlə bağlı məruzə edib. Təcrübəli jurnalist kitabı  əhatə etdiyi 4 bölmə üzrə təqdim edib, Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrünün öyrənilməsində kitabın önəmindən bəhs edib. Əsərdə U.Qurbanovun yerinə yetirdiyi işlərin, eləcə də mətbuatda dərc olunan məqalələrin bir qisminin yer aldığını dilə gətirən məruzəçi deyib ki, kitab həm xatirə əsəri, həm tədqiqat əsəri kimi özündə bir çox vacib məsələləri ehtiva edir.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya tədbirdə çıxış edərək Naxçıvan əhalisinin mübarizliyindən, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyətinin təsadüf etdiyi mühüm tarixi-siyasi hadisələrdən söz açıb, “Heydər Əliyev İli” və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Baş Konsulluğun təşkil etdiyi tədbirləri diqqətə çatdırıb. Kitabın əhəmiyyətini xüsusilə qeyd edən natiq əsərin Türkiyənin elm, ali təhsil müəssisələrinə və kitabxanalarına da göndərilməsini məqsədəuyğun hesab edib.

Mərasimdə “Yeşil Iğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, ehtiyatda olan polkovnik Fərail Rəcəbli, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Tofiq Əliyev çıxış edərək Urfullah Qurbanovla tanışlıqlarından, onun bir vətənpərvər şəxsiyyət kimi sahib olduğu şəxsi keyfiyyətlərindən söz açıblar. Qeyd olunub ki, Naxçıvanın xilası Ümummilli Liderin yorulmaz, uzaqgörən fəaliyyəti və onun göstərişlərini sədaqətlə yerinə yetirən qəhrəmanların cəsarəti sayəsində mümkün olmuşdur.

Sonda əsərin müəllifləri çıxış edərək kitabın ərsəyə gəlməsində mənəvi dəstəyini əsirgəməyən ictimaiyyət nümayəndələrinə, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.