AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsində keçirilən konfrans Ulu Öndər Heydər Əliyevə həsr olunub


11.12.2023 / 17:31Tədbirlər



Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın Naxçıvan Bölməsində baş tutan konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Natiq çıxışı zamanı Ümummilli Liderin zəngin siyasi irsindən söz açıb, dahi liderin ölkəyə rəhbərliyinin hər iki dövründə Azərbaycanın gələcək inkişafına yönəlik həyata keçirdiyi işlərdən danışıb. Ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb.

“Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan tarixi üçün dəyərli mənbədir. Bu zəngin irs bu gün də, gələcəkdə də ölkəmizin inkişafına töhfələr verəcəkdir”, - deyən akademik AMEA-nın Naxçıvan Bölməsində Ulu Öndərin siyasi irsinin tədqiqi və təbliği ilə bağlı görülmüş və icrası nəzərdə tutulan işlərdən bəhs edib.

Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ulu Öndər Heydər Əliyev irsində bütöv Azərbaycan ideyası”, həmin institutun Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Ulu Öndər Heydər Əliyevin dil siyasəti”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasəti” mövzusunda məruzələr ediblər.

Məruzələrdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev daim ölkəmizin inkişafı üçün çalışmış, xalqın və dövlətin ən ağır vaxtında üzərinə götürdüyü xilaskarlıq missiyasını şərəflə yerinə yetirmişdir. Yüksək siyasi iradəyə, idarəçilik bacarığına malik Ümummilli Lider adını tariximizə qızıl hərflərlə yazmışdır.

Bacarıqlı lider qısa müddətdə ölkədə daxili sabitliyi təmin etməklə, xarici əlaqələri möhkəmləndirməklə Azərbaycanı iqtisadi yüksəliş xəttinə çıxarmışdır. Bu fəaliyyət sosial-iqtisadi inkişafla məhdudlaşmamış, milli-mənəvi dəyərlərimizin qorunması xüsusilə diqqətdə saxlanmışdır.

Məruzəçilər həmçinin Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına qayğısından,  bütöv Azərbaycan ideyasına xidmət edən söz adamlarına hamiliyindən bəhs edib, milli-tarixi yaddaşın yaşadılması istiqamətində gördüyü işləri və həmin fəaliyyətin bugünkü nəticələrini təhlil ediblər.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.