AMEA Naxçıvan Bölməsi

Türkiyə arxivlərindən toplanan Naxçıvanla bağlı materiallar Dövlət Arxiv İdarəsinə verilib


20.11.2023 / 13:00Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Türkiyə arxivlərindən əldə edilmiş sənədlərin Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təqdim olunması ilə bağlı tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə giriş sözü söyləyib. Akademik mühüm əhəmiyyətə malik sənəd və materialların qorunub-mühafizə olunmasında arxivlərin rolundan danışıb, arxiv sənədlərinin tarixi faktların dəqiqləşdirilməsindəki, təhriflərin aradan qaldırılmasındakı önəmindən, eləcə də arxivlərdə işləməyin məsuliyyətindən, vacibliyindən bəhs edib. Əvvəlki illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən London, Sankt-Peterburq və Tiflis arxivlərindən materialların toplandığını qeyd edən bölmə sədri gələcəkdə bu istiqamətdə görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırıb.

Akademik bildirib ki, Naxçıvanla bağlı arxiv sənədlərinin toplanması məqsədilə cari ilin oktyabr ayında bölmənin iki nəfər əməkdaşı Türkiyə Cümhuriyyətinin Ankara şəhərində 15 günlük məzuniyyətdə olmuş, axtarışlar nəticəsində 3000 səhifədən artıq 500-ə yaxın sənəd əldə olunmuşdur.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və Orta əsrlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Türkiyə arxivlərindən böyük laborant Əli Tağıyevlə birgə əldə etdikləri sənədlər, həmin sənədlərin ümumi məzmunu və mahiyyəti haqqında məlumat verib. Slayd nümayişi ilə paralel həyata keçən təqdimatda toplanan sənədlərdən bəziləri haqqında geniş məlumat verilib.

Tədqiqatçı diqqətə çatdırıb ki, Naxçıvan tarixinin bütün dövrləri ilə bağlı materiallar Türkiyə Cümhurbaşqanlığı arxivlərindən, Türk Tarix Qurumu və Türkiyə Cümhuriyyəti Genel Qurmay Başqanlığı Hərb Tarixi və Strateji Araşdırmalar Başqanlığı Arxivindən, Xarici işlər Nazirliyi Türk Diplomatik Arxivi, Dövlət Arxivləri Başqanlığı Cümhuriyyət Arxivi, Dövlət Arxivləri Başqanlığı Osmanlı Arxivi, Milli Müdafiə Nazirliyi Hərbi Tahrir Arxivi fondlarından toplanıb. Toplanan materiallardan ən qədimi XII əsrə aiddir.

İlhami Əliyev materiallarla bağlı ünvanlanan sualları cavablandırıb.

Sonda akademik İsmayıl Hacıyev yeni arxiv materiallarını elektron variantda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədova təqdim edib.

Mehman Məmmədov öz növbəsində arxiv materiallarının əldə olunmasında əməyi keçənlərə minnətdarlıq edib, yeni sənədlərin Naxçıvanın tarixi, mədəniyyəti, müxtəlif tarixi dövrlərdəki sosial-iqtisadi həyatı ilə bağlı araşdırmalara töhfə verəcəyinə əminliyini bildirib.