AMEA Naxçıvan Bölməsi

Ədəbiyyatşünas alimin biblioqrafik göstəricisi çapdan çıxıb


17.11.2023 / 12:06Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən tərtib olunan “Fərman Xəlilov. Biblioqrafik göstərici” kitabı nəşr olunub.

Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı və elmi-pedaqoji fəaliyyətinin əksini tapdığı kitab alimin 70 illik yubileyinə həsr olunub.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, tərtibçisi isə AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının biblioqrafı Samirə Salahovadır. Əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın yazdığı “Yarım əsrin hesabatı” başlıqlı ön söz xarakterli yazı ilə başlayır. Müəllif burada Fərman Xəlilovun elmi yaradıcılığının mövzu və problem baxımından yenilikçi xüsusiyyətlərindən, gəldiyi nəticələrin faydalılıq və dürüstlük keyfiyyətlərindən bəhs edir. Bugünədək ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş 20-dən artıq kitab və monoqrafiyanın, 200-dək elmi-publisistik məqalənin müəllifi olan alimin elmi yaradıcılığının geniş mənzərəsini təqdim edir.

Kitabın əvvəlində Fərman Xəlilovun həyatının və elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri verilib, “Dəyərləndirmə” bölməsində tanınmış filoloqların və müxtəlif şəxslərin alim haqqında fikirləri əks olunub.

Biblioqrafik göstəriciyə ədəbiyyatşünas alimin 1969-2023-cü illərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Kanada və Rusiyada ana dilimizlə yanaşı, türk, fars və rus dillərində çap olunan kitab, elmi jurnal, konfrans materialları və dövri mətbuatda dərc olunan məqalələri daxil edilib.

Göstəriciyə ilk təcrübə kimi daxil edilən “Avtoqraflarda xoş arzular, xatirələr” bölməsində ayrı-ayrı vaxtlarda Fərman Xəlilova hədiyyə edilmiş kitablardakı avtoqrafların mətni təqdim olunub.

Biblioqrafik göstəricinin növbəti bölmələrində alimin müxtəlif dissertasiyalara elmi rəhbərliyi və opponentliyi, rəy verdiyi, redaktoru olduğu kitab və monoqrafiyalar, həmçinin elmi-pedaqoji fəaliyyətindən bəhs edən müəlliflər və mənbələr haqqında da ətraflı məlumatlar vardır.

Kitabdan istifadəni asanlaşdırmaq məqsədilə nəşrin sonuna “Köməkçi göstəricilər” bölməsi əlavə olunub.