AMEA Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü münasibətilə elmi konfrans keçirilib
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik yüzilliklər boyu ermənilərin cəfəng ideyalarını gerçəkləşdirmək üçün tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsindən, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə artan ərazi iddialarından, SSRİ-nin dağıldığı dövrdə ölkə rəhbərliyinin səriştəsizliyindən, ölkədə hökm sürən ictimai vəziyyətdən söz açıb.
Qarabağ məsələsində beynəlxalq təşkilatların mövqeyindən, xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən danışan bölmə sədri deyib: “Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar əsasında günü-gündən güclənən ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsi yazmağa müvəffəq oldu. Düşünülmüş və uzaqgörən siyasət, eləcədə əsgər və zabitlərimizin cəsarəti bizə torpaqlarımızın azadlıq sevincini yaşatdı”.
Qarabağ zəfərinin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə qaldırılan Azərbaycan bayrağını qələbəmizin davamı kimi səciyyələndirən bölmə sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş bayrağımız 70 il sonra ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən sessiyada qaldırılmış, həmin gündən etibarən üçrəngli bayraq mənəvi, mədəni birliyimizin, ərazi bütövlüyümüzün bölünməzliyinin simvolu olmuşdur.
Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev konfransda “Tariximizin şanlı səhifəsi: II Qarabağ müharibəsi”, İncəsənət, Dil və Ədəbiyyat İntitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər üslubu”, həmin institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Üçrəngli bayraq ən ali milli dəyərimizdir”, elmi işçi Aysel İsmayılova “Milli atributlarımızdan biri: Üçrəngli Azərbaycan bayrağı” mövzusunda məruzələr ediblər.
Məruzələrdə I Qarabağ müharibəsinin Azərbaycan xalqı üçün ağır nəticələrindən, məsələnin həlli ilə bağlı işləməyən beynəlxalq hüquq normalarından, problemin həllinə biganə yanaşan beynəlxalq təşkilatların ikili siyasətindən bəhs olunub. II Qarabağ müharibəsi zamanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən, Qarabağ zəfərinin ölkəmiz üçün tarixi, hüquqi və iqtisadi əhəmiyyətindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən quruculuq işlərindən və gələcək perspektivlərdən söz açılıb.
Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin xalqa müraciətlərində söylədiyi fikirlər, həmin müraciətlərin üslub xüsusiyyətləri, ermənipərəst xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı ölkə başçısının söylədiyi fikirlər əhatəli şərh olunub.
Məruzəçilər həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan üçrəngli bayrağın azadlıq mücadiləmizdəki rolu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən vəsatət qaldırılması və 1991-ci ildə həmin vəsatət əsasında Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi, dövlət atributlarımızın təbliği işinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış sənədlər barədə danışıblar.
Sonda məruzəçilərin toxunduqları maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib