AMEA Naxçıvan Bölməsi

100-cü ilində Türkiyə Cümhuriyyəti


27.10.2023 / 17:44Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində qardaş Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib. “100-cü ilində Türkiyə Cümhuriyyəti” adlı konfransı Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Akademik bildirib ki, 2023-cü il Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması baxımından əlamətdardır. Xalqımız həm də 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kimi mühüm tarixi anlara şahidlik etdi.

Bir əsrdən artıq dövr ərzində Türkiyə tarixinə nəzər salan bölmə sədri böyük sərkərdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının yazdığı şanlı tarixdən, İstiqlal savaşında öz tarixi torpaqları uğrunda apardıqları qətiyyətli mübarizədən, cümhuriyyət qurulduqdan sonra Atatürkün ölkənin gələcək inkişafı üçün həyata keçirdiyi islahatlardan danışıb.

Hər iki ölkənin bir-birinə göstərdiyi dəstəkdən söz açan İsmayıl Hacıyev qeyd edib ki, bu dostluq II Qarabağ müharibəsində daha da aydın göründü. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi qardaş ölkə ilə həm də müttəfiqliyimizin bəyanı oldu. Akademik çıxışı zamanı iki ölkənin birgə həyata keçirdiyi layihələrdən, onların səmərəliliyindən və icrası nəzərdə tutulan işlərdən bəhs edib.

Çıxışının sonunda İsmayıl Hacıyev 29 Oktyabr – Türkiyənin Cümhuriyyət bayramı münasibətilə təbrik və xoş diləklərini Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayaya çatdırıb.

Konfransda çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Türkiyə Cümhuriyyətinin olduqca çətin şəraitdə yaradıldığını bildirib. Baş konsul istiqlala gedən yolda Azərbaycan xalqının türk qardaşlarına dəstəyindən, eləcə də Kazım Qarabəkir Paşa və Nuru Paşanın rəhbərliyi ilə Naxçıvan və Bakının azad edilməsindəki xidmətlərindən bəhs edib.

Türkiyə və Azərbaycanın sarsılmaz bağlarla bir-birinə bağlandığını söyləyən Baş konsul yaxın tarixdə ölkələrimiz arasında inkişaf edən siyasi, iqtisadi və mədəni münasibətlərdən danışıb. Bu münasibətlərin davamı olaraq Naxçıvanda elm, təhsil və digər mədəni sahələrdə bir sıra işlərin görüldüyünü diqqətə çatdıran natiq gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən söz açıb, hər iki ölkə arasında tarixi və mədəni bağların gənc nəslə çatdırılmasının vacibliyini dilə gətirib. Millətimizin və dövlətlərimizin gələcək inkişafında bilikli, zəngin dünyagörüşünə sahib gənclərin rolunu qeyd edib.

Çıxışların ardından konfans məruzələrin təqdimatı ilə öz işini davam etdirib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Türkiyənin İstiqlal mübarizəsi və Azərbaycan”, həmin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində Ümid-Dilucu körpüsünün yeri və əhəmiyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə  doktoru, dosent Ramiz Qasımov “Türkiyənin istiqlalı və Azərbaycan ədəbiyyatı”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Azərbaycan-Türkiyə əlaqələri tarixdə və günümüzdə” mövzusunda məruzələr ediblər.

Məruzələrdə Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərinə nəzər salınıb, XX əsrin əvvəllərində Türkiyədə baş verən mühüm tarixi hadisələrdən, Sevr müqaviləsi ilə ölkənin düşdüyü çətin vəziyyətdən, eləcə də Ulu Öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının ölkənin istiqlalı üçün apardığı əzmkar mübarizədən bəhs olunub. Ermənilərin türk torpaqlarının bölüşdürülməsində marağından, “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək cəhdlərindən, bu məsələdə türk millətinin qətiyyətli mövqeyindən və mübarizəsindən söz açılıb.

Hələ sovet hakimiyyəti dövründə Türkiyə ilə münasibətlərdə Azərbaycanın rolu, müxtəlif tarixi hadisələr fonunda iki qardaş respublikanı birləşdirən Ümid-Dilucu körpüsünün mühüm tarixi əhəmiyyəti vurğulanıb. Qardaşlıq və dostluq münasibətlərinin 44 günlük Vətən müharibəsində daha da aydın şəkildə bəyanından, Şuşa Bəyannaməsi ilə sözügedən yaxın münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsindən, Bəyannamənin tarixi Qars müqaviləsi ilə oxşar və fərqli cəhətlərindən danışılıb.

İstiqlal müharibəsində türk ziyalıların mövqeyinin, bu mövzuda qələmə aldıqları əsərlərin diqqətə çatdırıldığı konfransda Ə.Cavad, C.Cabbarlı, B.Vahabzadə, Z.Yaqub və başqa söz adamlarının yaradıcılığında Türkiyə mövzusunun əksi məsələsindən və təsvir xüsusiyyətlərindən danışılıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.