Ulu Öndər Heydər Əliyev irsində dil və ədəbiyyat məsələlərimövzusunda elmi konfrans
AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev irsində dil və ədəbiyyat məsələləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanda və ölkəmizdən kənarda müxtəlif tədbirlərin keçirildiyini bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrində, eləcə də Naxçıvan və Gəncə Bölmələrində Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin daha dərindən öyrənilməsi, geniş ictimaiyyətə çatdırılması və təbliği məqsədilə elmi tədbirlərin təşkil olunduğunu söyləyən bölmə sədri qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində aparılan araşdırmaların nəticələri müxtəlif kitab, monoqrafiya və toplularda nəşr olunur.
Akademik çıxışı zamanı Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına qayğısından danışıb. Vurğulanıb ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı üçün çalışmış, xalqın və ölkənin gələcəyinə yönəlik işlər görmüşdür. Lakin bu uzaqgörənlik təkcə sosial-iqtisadi inkişafla məhdudlaşmır. Xalqın mədəni inkişafı, milli dəyərlərimizin qorunması Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Belə ki, Azərbaycan SSR-in hələ 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında ana dilimizin rəsmi dövlət dili elan olunması məhz Heydər Əliyevin nüfuzu, yürütdüyü bacarıqlı siyasət sayəsində mümkün olmuşdur. Müstəqilliyimizin bərpasından sonra qəbul olunan Konstitusiyamızda da Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur.
Vurğulanıb ki, Heydər Əliyev təkcə ana dilimizin deyil, eyni zamanda şifahi və yazılı ədəbiyyatımızın, şair və yazıçılarımızın hamisi olmuş, onları hər zaman diqqətdə saxlamışdır.
Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev konfransda “Heydər Əliyev və türk dünyası ədəbiyyatı məsələləri”, Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Heydər Əliyevin ədəbiyyat siyasəti”, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Naxçıvan şairlərinin yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda məruzələr ediblər.
Məruzələrdə Ümummilli Lider Heydər Əliyevin türk xalqlarının həmrəyliyinə xüsusi diqqətindən, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək qayəsindən, türkologiyaya, türkoloqlara qayğısından bəhs olunub. Ulu Öndərin ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması və işlədilməsi ilə bağlı gördüyü işlərdən, yazıçı və şairlərə dəstəyindən, həmin qayğıdan ilhamlanaraq ərsəyə gəlmiş ədəbi nümunələrdən, eləcə də Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında təsvir və tərənnüm olunan Heydər Əliyev obrazından və başqa maraqlı mövzulardan danışılıb..
Sonda akademik İsmayıl Hacıyev konfransa yekun vurub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib