AMEA Naxçıvan Bölməsi

Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar mövzusunda elmi konfrans


16.10.2023 / 13:12Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans olub.

Bölmənin sədri akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik bildirib ki, 15 oktyabr tarixində ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20 ili tamam olub. Azərbaycanın 2003-2023-cü illəri əhatə edən inkişafından söz açan alim qeyd edib ki, ölkənin xarici və daxili siyasətində, Qarabağ probleminin həllində göstərdiyi liderlik səriştəsi Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olduğunun sübutudur.

Ötən 20 il ərzində ölkədə baş verən yenilikləri təhlil edən İsmayıl Hacıyev ordu quruculuğu, sənaye, iqtisadiyyat, sosial, mədəni və başqa sahələrdə aparılan islahatlardan, əldə olunan inkişafdan söz açıb. Vurğulanıb ki, ölkənin artan valyuta ehtiyatları, aparılan quruculuq işləri, ÜDM-in 4 dəfə artması Azərbaycanın sürətli inkişafının, artan gücünün və yürüdülən uzaqgörən siyasətin bəhrəsidir.

Akademik Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin uğurla reallaşdırıldığını xatırladıb. Qarabağ probleminin həlli ilə bağlı cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi nümayiş etdirdiyi qətiyyətli mövqedən, gələcəyə hesablanmış siyasətin bugünkü uğurlu nəticələrindən danışıb.

“Ölkə başçısının dünən Xankəndidə Azərbaycan xalqına müraciəti, xalqımız, dövlətimiz üçün xüsusilə əlamətdar tarixi hadisədir”, - deyən bölmə sədri Prezident İlham Əliyevin dünya liderlərindən fərqli üstün bacarıq və mənəvi keyfiyyətlərindən danışıb.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “20 ilin sosial-iqtisadi və mədəni inkişafı”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “İlham Əliyevin xarici siyasəti dayanıqlı inkişafımızın təminatçısıdır”, Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “İlham Əliyev və Qarabağ problemi” mövzusunda məruzə ediblər.

Məruzələrdə ölkə başçısının rəhbərliyi ilə aparılan islahatların sosial-iqtisadi və mədəni inkişafa verdiyi töhfələrdən, bu inkişafın vəd etdiyi gələcək perspektivlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu günü-gündən artmaqdadır. Onun Azərbaycana rəhbərliyi dövründə ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli artmış, ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmiş, bir çox məsələlərin həllində aparıcı rol oynamışdır. Məruzəçilər həmçinin Qarabağ probleminin həllindən, Prezident İlham Əliyevin məsələ ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyini, sarsılmaz iradəsini yorulmaq bilmədən dünyaya çatdırmasından və başqa mühüm məsələlərdən danışıblar.

Sonda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Şərq qapısı” qəzetinin 4 noyabr 2003-cü il tarixli sayında dərc olunmuş “Xalqın İlhamı” adlı şeirini səsləndirib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.