AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Anım Günü ilə əlaqədar “Vətən müharibəsi: Azərbaycanın Zəfər yolu” mövzusunda elmi konfrans keçirilib.
Tədbirin əvvəlində vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik böyük dövlətlərin havadarlığı ilə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılmasından, ermənilərin tarixi torpaqlarımız hesabına dövlət qurmaq və “ərazilərini” genişləndirmək cəhdlərindən, Rusiyanın “sovetləşdirmə” adı altında Azərbaycan torpaqlarını ermənilərə güzəştə getməsindən danışıb. BMT-nin yerinə yetirilməyən 4 qətnaməsindən, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən bəhs edən bölmə sədri ABŞ, Rusiya, Fransa və qardaş Türkiyənin məsələ ilə bağlı mövqeyini dəyərləndirib.
“2020-ci ilin 27 sentyabrında müzəffər ordumuzun başladığı hərbi əməliyyatlar 44 gün sonra işğalçı Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi”, - deyən İsmayıl Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı sərəncamla 27 sentyabr tarixi Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilmişdir.
Vurğulanıb ki, ötən 3 il ərzində Ermənistan adəti üzrə terror əməllərindən əl çəkməmiş, bu qeyri-insani fəaliyyətini davam etdirmişdir. Azərbaycanın erməni terroristlərinə qarşı başlatdığı 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində qanunsuz erməni silahlı birləşmələri şanlı ordumuz qarşısında ağ bayraq qaldırmış, Qarabağın erməni icmasının nümayəndələri ilə görüş keçirilmişdir. Akademik keçirilən görüşün nəticələri barədə konfrans iştirakçılarına məlumat verib.
Konfrans öz işinə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük laborantı Əli Tağıyevin “Dağlıq Qarabağ problemi: tarix və müasirlik”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həllindəki “fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi” və tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “İkinci Qarabağ müharibəsinin nəticələri: Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi məsələləri” adlı məruzələrinin təqdimatı ilə davam edib.
Məruzələrdə Azərbaycanda xanlıq idarəetmə üsulunun formalaşmasından başlayaraq günümüzədək Qarabağ bölgəsində baş verən mühüm tarixi hadisələr diqqətə çatdırılıb, ermənilərin torpaqlarımıza məqsədli köçürülməsindən, xalqımıza qarşı həyata keçirdikləri milli qırğın və işğalçılıq siyasətindən söz açılıb. Hadisələr ardıcıllığı bu gün dövlətimiz tərəfindən uğurla yürüdülən siyasət əsasında təhlil olunub. ATƏM-in təsis edilməsi, Minsk qrupunun fəaliyyəti və həmsədr ölkələrin Azərbaycana qarşı sərgilədikləri ermənimeyilli münasibət diqqətə çatdırılıb. ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəli sürdüyü təkliflər və onların ölkəmizin ərazi bütövlüyünə zidd tərəfləri qeyd olunub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, ələ keçirilən mühüm qənimətlərdən, Azərbaycan-Ermənistan münasibətlərində son vəziyyət, ölkəmizin qətiyyətli mövqeyindən bəhs olunub. tarixi əhəmiyyətinə, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın beynəlxalq aləmə verəcəyi töhfələrə, dəhlizin önəminə diqqət çəkilib.
Sonda akademik İsmayıl Hacıyev konfransa yekun vurub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib