AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışı zamanı bildirib ki, əsrlər öncə ermənilər əzəli ərazilərimizə məqsədli köçürülmüş, sonralar tarixi torpaqlarımız hesabına “ərazilərini” genişləndirmiş, öz məkrli niyyətlərini həyata keçirmək üçün xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımlar törətmiş, deportasiyaya məruz qoymuşlar. Havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda 499 Azərbaycan kəndini dağıtmış, 704 kəndin türk mənşəli adını dəyişmiş, bölgəni süni şəkildə erməniləşməyə məruz qoymuşlar.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevinsoydaşlarımızın ata-baba yurdlarına qayıtmaları üçün apardığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bölmə sədri ölkə başçısının 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladaraq bildirib ki, həmin tədbirdə Prezident İlham Əliyev geniş nitq ölkə söyləmiş, həmin çıxış Qərbi Azərbaycana qayıdışın təməlini formalaşdırmış, geri dönüşün reallaşması üçün istiqamətləndirici amil olmuşdur. Alim Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının artıq hazırlandığını və bu istiqamətdə bir çox işlərin görüldüyünü deyib.
Öz işinə məruzələrlə davam edən konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Göyçə-Dərələyəz elegiyası”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Qərbi Azərbaycanın qayaüstü təsvirlərinin Naxçıvan paralelləri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Qərbi Azərbaycanın qoç və qoyun heykəlli qəbirüstü abidələri”, elmi işçi Aysel İsmayılova “Qərbi Azərbaycanın tarix-memarlıq abidələrində erməni vandalizminin izləri” mövzusunda məruzə ediblər.
Məruzələrdə Dərələyəz və Göyçə mahallarının əzəli Azərbaycan torpaqları olması faktına diqqət çəkilib, bölgənin tarixən türklərə məxsusluğu, buradakı türk mənşəli toponimlər, mövzu ilə bağlı tədqiqatçılar diqqətə çatdırılıb. Ermənilərin dəyişdirdiyi, yaxud təhrif etdiyi toponimlərimizin bir qismi sadalanaraq, həmin yer adlarının etimologiyası izah olunub. Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri, bu təsvirlərin ifadə etdiyi məzmun və süjet xəttinin ümumtürk təfəkkürünə məxsusluğundan bəhs olunub. Qarakilsə təsvirləri ilə Gəmiqaya qayaüstü təsvirlərinin ortaq səciyyəvi xüsusiyyətləri işitrakçıların diqqətinə çatdırılıb. Urud kəndində qeydə alınmış 100-ə yaxın qoç heykəlli qəbirüstü abidələrinin türk inanc sistemində yerindən söz açılıb. Həmin abidələrin prototürk mədəniyyətinə aid olması, türk mənşəli etnosların bölgənin yerli əhalisi olması faktı əsaslandırılıb.
Erməni vandalizminə məruz qalmış Sərdar qalası, Sərdar məscidi, Abbas Mirzə məscidi, Aşıq Ələsgərin qəbirüstü abidəsi və başqa tarix-memarlıq abidələrimizin inşa tarixi, memarlıq xüsusiyyətləri və dağıdılması barədə məlumat verilib.
Konfransa yekun vuran akademik İsmayıl Hacıyev Qərbi Azərbaycan, o cümlədən Zəngəzurla bağlı konfransların növbəti aylarda da keçirilməsinin vacibliyini vurğulayıb, müəyyən təkliflər irəli sürüb.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib