Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllərkitabının təqdimatı keçirilib
AMEA-nın Naxçıvan Bölməsində bu yaxınlarda nəşrdən çıxmış “Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında bildirib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın tərtibçisi olduğu kitabda Naxçıvan Muxtar Respublikası ərazisində işlədilən paremioloji vahidlər toplanmışdır. Paremioloji vahidləri toplamağın, sistemləşdirməyin uzunmüddətli axtarış və böyük diqqət tələb etdiyini söyləyən bölmə sədri vurğulayıb ki, kitabdakı örnəklərin bir qismi sırf Naxçıvan bölgəsi üçün xaraterik olub, məhəlli səciyyə daşıyır. Bəzi paremiyalar isə ölkəmiz, hətta bütövlükdə Türk dünyası xalqları üçün xarakterikdir.
Vurğulanıb ki, yeni kitab Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin kitaba yazdığı ön sözlə başlayır. Əsər deyimlər, atalar sözləri və məsəllər kimi folklor nümunələrinin qorunması baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də hər bir tədqiqatçının stolüstü kitabı olmağa layiqdir.
Çıxışının sonunda İsmayıl Hacıyev Aytən Cəfərovanı yeni kitabının çapdan çıxması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev tədbirdə “Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabı haqqında söz” adlı məruzə edib.
Məruzəsində Azərbaycanda folklor materiallarının toplanması və nəşri məsələlərindən söz açan alim AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda folklorumuzla bağlı aparılan tədqiqatlara və əldə olunan uğurlara nəzər salıb. Əbülfəz Quliyev dosent Aytən Cəfərovanın yeni nəşr olunan kitabını bu uğurlu fəaliyyətin davamı adlandırıb. Qeyd olunub ki, alimin muxtar respublika ərazisindən topladığı bəzi nümunələr təkcə ölkəmizdə deyil, ümumilikdə Türk dünyası ölkələrində də işlədilir. Tədqiqatçının olduqca maraqlı, indiyə qədər yazıya alınmamış örnəkləri də kitaba daxil etməsi əsərin elmi əhəmiyyətini daha da artırır.
Kitabın ümumi strukturu ilə bağlı fikirlərini təqdimat iştirakçıları ilə bölüşən Əbülfəz Quliyev buradakı bəzi məhəlli xarakterli deyim və məsəllərin izahı, əlaqəli olduqları hadisə və əhvalatları diqqətə çatdırıb, əsərin nəzərdə tutulan gələcək nəşrləri ilə bağlı təkliflərini bildirib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl təqdimat mərasimində “Naxçıvan folklorşünaslığına dəyərli töhfə” mövzusunda məruzə edib. Məruzəçi Aytən Cəfərovanın özünəxas tədqiqatçılıq bacarığından, folklor nümunələrinin toplanmasındakı əməyindən danışıb. Konseptuallıq kəsb edən paremiyaların mövzu rəngarəngliyindən söz açaraq, bir sıra örnəkləri ifadə etdikləri ümumi məna baxımından sistemləşdirib.
Ümumxalq yaradıcılığının məhsulu olan atalar sözü və məsəllərin nitqdə yerli-yerində istifadəsinin önəmindən, bəzi yazılı ədəbiyyat nümunələrinin məişətdə aktiv işlədilərək deyim statusu qazanmasından söz açan alim həmin örnəkləri dinləyicilərin diqqətinə çatdırıb.
Sonda kitabın müəllifi, dosent Aytən Cəfərova çıxış edərək tədbirin təşkilinə və fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib