AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub


14.06.2023 / 14:22Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik 1993-cü ilin 15 iyun tarixinin mahiyyəti, həmin tarixi günün dövlət müstəqilliyimizin, dövlətçiliyimizin qorunub saxlanmasındakı yerindən danışıb, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən vəziyyətdən, xaos və qarşıdurmalarla müşayiət olunan hakimiyyət böhranından, güclənən separatizm meyllərindən, habelə vətəndaş müharibəsinin astanasında olan xalqın acınacaqlı durumundan söz açıb. Qeyd olunub ki, xarici qüvvələrin təsiri altında olan idarəçiliyə yararsız kadrların səriştəsizliyindən,  torpaqlarımızın işğalından və başqa problemlərdən təngə gələn xalq bacarıqlı lider Heydər Əliyevin ətrafında birləşmış, öz xilasını məhz Ulu öndərin ölkəyə rəhbərliyində görmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə 15 İyun tarixi Milli Qurtuluşumuzun başlanğıcı olmuşdur.

Akademik söyləyib ki, Ümummilli lider vəzifəsinin icrasına başladığı ilk gündən etibarən dövlət nümayəndələri, elm adamları ilə görüşlər keçirmiş, Azərbaycanın gələcək rifahına yönəlmiş məqsədyönlü addımlar atmışdır. Ulu öndərin rəhbərliyi ilə beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, balanslaşdırılmış siyasətin yürüdülməsi, müxtəlif sahələrdə əsaslı islahatların həyata keçirilməsi və başqa amillər ölkəni düşdüyü acınacaqlı vəziyyətdən xilas etməklə bərabər, yeni inkişaf dövrünün bünövrəsi olmuşdur.

Çıxışının sonunda İsmayıl Hacıyev kollektiv üzvlərini Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü (1990-1993-cü illər)”, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “15 İyun Azərbaycan dövlətçiliyinin xilası günüdür”, Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Böyük Qayıdışdan inkişafa aparan lider”, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzələr ediblər.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinin ölkəmizin ən çətin və mürəkkəb dövrü kimi xarakterizə olunduğu məruzələrdə Ulu öndərin Naxçıvana gəlişindən, burada böyük cəsarət və hünər tələb edən tarixi qərarların qəbulundan bəhs olunub. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli liderin separatçılığın qarşısının alınması, rus ordusunun ölkədən çıxarılması, dövlətimizin konstitusion əsaslarının formalaşması üçün həyata keçirdiyi tədbirlər diqqətə çartdırılıb, onun milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə, xüsusilə ailə dəyərlərimizə, ana dilimizə qayğısından bəhs olunub.