Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
Konfransdan öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, Ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar Ümummilli liderin həyatının və siyasi fəaliyyətinin əsas məqamlarının əksini tapdığı eksponatlarla tanış olublar.
Daha sonra AMEA-nın Naxçıvan Bölməsində Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı təşkil olunmuş sərgiyə baxış olub.
AMEA Naxçıvan Bölməsində baş tutan konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik xatırladıb ki, 2023-cü il Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev İli” elan olunmuş, noyabr ayının 28-də bununla əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilmişdir. “Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik” elmi konfransının “Heydər Əliyev İli” çərçivəsində keçirildiyinə diqqət çəkən İsmayıl Hacıyev Ulu öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə həyatın bütün sahələrində qeydə alınan inkişafdan söz açıb. İsmayıl Hacıyev bildirib ki, Ulu öndərin ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilmiş, rəhbərliyinin ikinci dövrü isə ölkəmizin çətin ictimai-siyasi dövrünə təsadüf etmişdir. Heydər Əliyev vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycanı bu təhlükədən xilas etmiş, adını tariximizə əsl xilaskar kimi həkk etmişdir. Ulu öndərin ölkəyə rəhbərliyi zamanı onun göstərişi və təşəbbüsü ilə reallaşan çoxsaylı uzaqgörən addımlar ölkənin inkişafına töhfə olmuş, xalqın işıqlı sabahına istiqamət vermişdir.
Akademik çıxışı zamanı Ulu öndərin ölkəyə rəhbərliyi dövründə həyatın müxtəlif sahələri üzrə əldə olunan uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli konfransda “Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasir dövr” adlı məruzə edib. Akademik məruzəsində bildirib ki, Heydər Əliyev dünyanın ən görkəmli siyasi liderləri arasında özünəməxsus yeri olan, dünya səviyyəli siyasi liderdir.
Azərbaycan Milli Elmlər Akademiyasında ardıcıl olaraq Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfransların, tədbirlərin keçirildiyini diqqətə çatdıran akademik qeyd edib ki, bu silsilə tədbirlər Heydər Əliyev şəxsiyyətinin, həyatı və siyasi irsinin elmi əsaslarla tədqiq olunaraq araşdırılması məqsədi daşıyır. Bugünədək AMEA-da “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan kitabları, elmi əsərləri diqqətə çatdırıb.
Akademik məruzəsində Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyinə istiqamətlənmiş uzaqgörən siyasətindən, neft emalı sənayesinin inkişafına diqqətindən, müəyyənləşdirdiyi neft strategiyasının bugünkü bəhrələrindən söz açıb. Onun fəaliyyətinin Naxçıvan dövründə xalqın və ölkənin gələcəyi üçün qəbul etdiyi qərarlardan, təşəbbüskarı olduğu mühüm işlərdən bəhs edib.
AMEA-nın prezidenti 44 günlük müharibənin nəticələrindən, Qarabağda həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən, Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətdən söz açıb. Vurğulanıb ki, Heydər Əliyev ideyaları bu gün bəhrəsini verir, ölkə başçısı cənab İlham Əliyev Ulu öndərin ideyaları işığında Azərbaycanı daha da irəli aparır. Heydər Əliyevin ölkənin gələcəyinə hesablanmış ideyaları onun layiqli davamçısı tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirilir.
İsa Həbibbəyli çıxışının sonunda yeni çapdan çıxmış “Azərbaycan Respublikasının Qırmızı Kitabını” AMEA-nın Naxçıvan Bölməsinə hədiyyə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə edərək Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli elm sisteminin yaradılmasından, kadrların milliləşdirilməsi məsələsinin vacibliyindən, habelə alim və ziyalıların qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Hələ ölkəyə rəhbərliyinin birinci dövründə elmimizin, eləcə də ölkənin əsas elm məbədi olan AMEA-nın inkişafına verdiyi töhfələrdən danışan akademik məhz Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan elmi-tədqiqat müəssisələrinin bugünkü fəaliyyətinə nəzər salıb. Müstəqillik dövründə də Ulu öndərin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan elminin uğurlardan bəhs edib.
“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda məruzə edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Ulu öndər Heydər Əliyevin ekoloji problemlərin həllinə yönəlik həyata keçirdiyi işlərdən, təşəbbüskarı olduğu təkliflərdən və təbii sərvətlərimizin qorunmasına qayğısından danışıb. Xüsusilə ölkəyə rəhbərliyinin müstəqillik dövründə keçirilən torpaq islahatından, biomüxtəlifliyin və başqa mühüm amillərin mühafizəsi ilə bağlı Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyaları diqqətə çatdırıb.
Akademik bununla bağlı Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının fəaliyyətindən söz açıb, yeni çapdan çıxmış “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın hazırlanmasında Naxçıvandan olan alimlərin əməyini yüksək qiymətləndirib.
Konfransda həmçinin AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyevin fəaliyyətində xilaskarlıq missiyası”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsində Bütöv Azərbaycan ideyası məsələləri”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Heydər Əliyev və türk dünyası” mövzulu məruzələrində Ulu öndərin xalqın mənafeyi, mədəni dəyərlərimizin qorunması, Azərbaycanın bütövlüyü və Türk dünyasının birliyi istiqamətində gördüyü işlərdən bəhs ediblər.