AMEA Naxçıvan Bölməsi

28 May - Müstəqillik Günü münasibətilə tədbir olub


25.05.2023 / 14:19Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində “28 May Müstəqillik Günüdür” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 28 May tariximizin ən mühüm hadisələrindən biridir. Akademik çıxışı zamanı Cümhuriyyətin Tiflis, Gəncə və Bakı dövrləri haqqında yığcam məlumat verib. Diqqətə çatdırılıb ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə olduqca mühüm tarixi qərarlar qəbul olunmuş, istər daxili, istərsə də xarici siyasətdə yeni yaranmış bir cümhuriyyət üçün müstəsna əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.

Qeyd olunub ki, 70 illik sovet əsarəti dönəmində tarixi keçmişimiz unutdurulmağa çalışılsa da, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyəti, hökumətdə təmsil olunan tarixi şəxsiyyətlər və başqa aktual məsələlərlə bağlı əhatəli tədqiqatlar aparılmışdır.

İsmayıl Hacıyev söyləyib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin əsasında tarixinin, vətəninin, millətinin keşiyində dayanan müasir Azərbaycan Respublikası dünya geosiyasi sistemində öz layiqli mövqeyini qoruyub saxlayır.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamları, Müstəqillik Günü haqqında 15 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu AXC-nin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayeva tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürur mənbəyidir” adlı məruzə edib.

1917-ci ilin fevral inqilabından sonra Cənubi Qafqazda formalaşan idarəçilik strukturu barədə məlumat verən məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, İstiqlal Bəyannaməsində əksini tapan müddəalarla bağlı əhatəli şərh verib. Vurğulanıb ki, məhz həmin tarixi sənəd Şərqdə ilk demokratik respublikanın yaradılmasının rəsmi bəyanı olmuşdur.

Qonşu millət və dövlətlərlə mehriban münasibətlər yaratmağı, demokratiyanı özünün əsas fəaliyyət planı kimi müəyyənləşdirən AXC hökuməti milliyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşlarının hüquq bərabərliyini təmin etmişdir.

Cümhuriyyətin fəaliyyətini faktlar əsasında təhlilə cəlb edən məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını minilliklərə dayanan dövlətçilik ənənələrimizin dirçəlişi kimi qiymətləndirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində görülən işlərdən, müstəqil dövlət quruculuğu istiqamətindəki mühüm addımlardan, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan danışıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarixi üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov tədbirdə çıxış edərək bəzi tarixi faktları diqqətə çatdırıb.