Etnoqraf alim, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Hacı Qadir Qədirzadənin anadan olmasının 75 illiyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdən öncə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kollektivi alimin Cəhri kənd qəbiristanlığındakı məzarını ziyarət edib.
AMEA-nın Naxçıvan Bölməsində baş tutan yubiley tədbirini giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında Hacı Qadir Qədirzadənin həyat və fəaliyyətinin əsas məqamlarına nəzər salıb, sahib olduğu mühüm insani keyfiyyətlərindən danışıb.
“Hacı Qadir Qədirzadə həm öz sahəsinin vurğunu olan alim, həm də bir sıra yüksək mənəvi keyfiyyətlərə malik insan kimi gənc nəsil, püxtələşməkdə olan tədqiqatçılar üçün əsl nümunə idi”, - söyləyən bölmə rəhbəri bildirib ki, alim fəaliyyəti dövründə onu tanıyan hər kəsin hörmət və rəğbətini qazanmışdır. Hər zaman xatirəsi ehtiramla yad olunan Hacı Qadir Qədirzadə görkəmli alim və əsl insan kimi xatirələrdə yaşayacaqdır.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov tədbirdə “Hacı Qadir Qədirzadənin həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə edib.
Məruzədə diqqətə çatdırılıb ki, Hacı Qadir İbrahim oğlu Qədirzadə 20 may 1948-ci ildə indiki Babək rayonunun Cəhri qəsəbəsində dünyaya göz açmışdır. Doğma kəndində orta məktəbi bitirdikdən sonra fəhlə kimi ilk əmək fəaliyyətinə başlamışdır. 1967-1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında tarix ixtisası üzrə təhsil almış, təhsilini başa vurduqdan sonra Cəhri kənd orta məktəbində müəllim, 1975-ci ildən Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə isə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-2001-ci illərdə AMEA-nın Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini kimi fəaliyyətini davam etdirmişdir.
Hacı Qadir Qədirzadə 1983-cü ildə namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Alim 2006-cı ildə “İcmalararası münasibətlər” proqramı çərçivəsində ABŞ-də qarşılıqlı fəaliyyətə verdiyi töhfəyə görə Dallas şəhərinin meri tərəfindən “Dallas şəhərinin fəxri vətəndaşı” elan olunmuş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Ailədə və məişətdə etnoqrafik məsələlər, etnik-mədəni münasibətlər, islama qədərki inanc sistemləri və tanrıçılıq sistemi, xalq təbabəti üsulları, eləcə də Nuh peyğəmbər və Dünya tufanı məsələsində Naxçıvanın yeri və başqa mövzular etnoqraf alimin tədqiqatlarının əsas predmeti olmuşdur. Bundan əlavə milli uşaq oyunları, etnodemoqrafik problemlərin araşdırılması da alimin tədqiqatlarında xüsusi mahiyyət kəsb etmişdir.
Hacı Qadir Qədirzadə fəaliyyəti dövründə Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran, İraq və başqa ölkələrdə keçirilən beynəlxalq simpoziumların, qurultayların, konfransların iştirakçısı olmuş, aktuallıq kəsb edən mövzularda məruzələr etmişdir. 400-ə yaxın elmi, elmi-kütləvi, publisistik məqalənin, 7-si həmmüəllifli olmaqla 20 kitabın müəllifidir. “Kitabi Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Həzrət-i insan”, “Milli-mənəvi dəyərlərimiz” və başqa kitabları maraqlı təhlillərin, müqayisə və araşdırmaların əksini tapdığı dəyərli əsərlərdir.
Məruzəçi qeyd edib ki, etnoqraf alimin səmərəli elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Alimin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” aldı kitabı mükafata layiq görülmüş, kitab ali təhsil müəssisələrində dərslik kimi tövsiyə olunmuşdur.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev çıxış ediblər. Çıxış edənlər Hacı Qadir Qədirzadə ilə bağlı xatirələrini dinləyicilərlə bölüşüb, onu vətənpərvər, qətiyyətli, alicənab, səmimi, xeyirxah, zəngin dünyagörüşünə malik şəxsiyyət kimi xarakterizə ediblər. Hacı Qadir Qədirzadənin tarixi ərazilərimizin etnik olaraq türklərə mənsubluğu, ailə dəyərlərimizin yaşadılması, müxtəlif etnoqrafik materialların tədqiqi üçün var qüvvəsi ilə çalışmasından, özündən sonra elmimizə bəxş etdiyi ardıcıllarından danışıblar.
Sonda alimin yaxın qohumu İqrar Əliyev çıxış edərək Hacı Qadir Qədirzadə ilə bağlı xatirlərini bölüşüb, ailə üzvləri adından alimin elmi irsinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib