AMEA Naxçıvan Bölməsi

Heydər Əliyev siyasəti: tarix və müasirlik monoqrafiyasının təqdimatı keçirilib


08.05.2023 / 17:25Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli açıb. “Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi tarixi şəxsiyyət, xüsusi liderlik və idarəçilik bacarıqlarına malik dahidir”, - söyləyən professor bildirib ki, həyatını xalqın gələcək rifahına, müstəqil dövlətçiliyimizə həsr edən Ulu öndər bu şərəfli missiyanı uğurla yerinə yetirmişdir. Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətləri onu tariximizə Ümummillli lider kimi həkk etmişdir.

Hacıfəxrəddin Səfərli ölkə başçısı cənab İlham Əliyevin xüsusi sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıraraq bildirib ki, ölkədə keçirilən müxtəlif tədbirlərlə yanaşı, Ümummilli liderin siyasi irsi müxtəlif kitab və monoqrafiyaların tədqiqat mövzusu olmuş, sanballı əsərlər ərsəyə gəlmişdir. Belə monoqrafiyalardan biri də AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin yenicə işıq üzü görən “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasıdır. İsmayıl Hacıyevin elmi tədqiqatlarında Ulu öndər Heydər Əliyevin həyatının və siyasi irsinin tədqiqi mühüm mərhələ kəsb edir. Şübhəsiz, akademikin imzası Əliyevşünaslıqda xüsusi yer tutur. Dəqiqlik və hadisələrə obyektiv münasibət sərgiləyən alim yeni monoqrafiyasında Ümummilli liderin siyasi fəaliyyətini tarix və müasirlik nöqteyi-nəzərindən araşdırmaya cəlb etmişdir.

Çıxışının sonunda Hacıfəxrəddin Səfərli müəllifi təbrik edib, ona səmərəli elmi fəaliyyətində uğurlar arzu edib.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədqiqat əsəri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Tarix və müasirlik kontekstində Heydər Əliyev siyasəti” mövzusunda məruzə ediblər.

Məruzələrdə “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasında fəsillərin əhatə etdiyi mövzular şərh edilib. Diqqətə çatdırılıb ki, əsərdə mövzular kompleks şəkildə tədqiqata cəlb olunmuş, konseptuallıq kəsb edən məsələlər axıcı dillə təhlil olunmuşdur. Monoqrafiyada tarixi faktlarla yanaşı, müasir inkişafımızın bünövrəsini təşkil edən Heydər Əliyev ideyalarının bugünkü nəticələri vurğulanmışdır.

Mərasimdə çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev monoqrafiya haqqında təəssüratlarını bölüşüb.

Sonda monoqrafiyanın müəllifi, akademik İsmayıl Hacıyev çıxış edərək məruzəçilərə və tədbir iştirakçılarına təşəkkür edib. Ulu öndər Heydər Əliyev irsini öyrənməyin maraqlı olmaqla bərabər, həm də böyük məsuliyyətindən danışıb. Ümummilli lider haqqında xatirələrini dinləyicilərin diqqətinə çatdıran alim qeyd edib ki, Ulu öndərin siyasi irsinin hərtərəfliliyi bundan sonra da neçə-neçə kitab və monoqrafiyaların yazılacağını deməyə əsas verir.

Tədbirin sonunda İsmayıl Hacıyev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.