AMEA Naxçıvan Bölməsi

Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa və vətənə xidmət nümunəsidir


05.05.2023 / 18:18Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa və vətənə xidmət nümunəsidir” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuşdur. Bununla əlaqədar olaraq Azəraycanda, eləcə də ölkə hüdudlarından kənarda Ulu öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

“Heydər Əliyev dünya səviyyəli siyasət və dövlət adamıdır. Onun fəaliyyəti təkcə ölkəmizlə məhdudlaşmır”, - söyləyən bölmə rəhbəri tanınmış siyasi xadimlərin Ulu öndər haqqında fikirlərindən sitatlar gətirib.

Akademik çıxışı zamanı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafına verdiyi töhfələrdən, uzaqgörən işlərdən söz açıb. Vurğulayıb ki, üzərinə götürdüyü xilaskarlıq missiyasının ağırlığına, məsuliyyətinə baxmayaraq, ürəyi vətən, xalq sevgisi ilə döyünən dahi lider bu missiyanı uğurla yerinə yetirmişdir.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli konfransda “Azərbaycanın inkişafında dönüş mərhələsi (1969-1982-ci illər)” mövzusunda məruzə edib.

Professor məruzənin əvvəlində rəhbərlik etdiyi institutda “Heydər Əliyev İli” çərçivəsində yerinə yetirilən və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan 1969-1982-ci illərdə əvvəlki dövrlərlə müqayisədə ən yüksək inkişaf zirvəsinə qalmış, Heydər Əliyevin gələcəyə istiqamətlənmiş müdrik və cəsarətli fəaliyyəti nəticəsində Sovet İttifaqında ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrilmişdir. Uzaqgörən və daim xalqının gələcəyini düşünən böyük dövlət xadimi xalqı həyatın bütün sahələrində müstəqil yaşamağa hazırlamışdır. Hələ 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi və himayəsi ilə ölkəmizdə milli oyanış və müstəqilliyə doğru Böyük Dönüş dövrü başlanmışdır.

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı məruzə edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev söyləyib ki, müstəqilliyimizin bərpasının erkən dövründə ərazilərinin işğalı, vətəndaş müharibəsi astanasında olan, müstəqilliyinin ititrilməsi təhlükəsi qarşısında qalan ölkədə gərginlik dərinləşərək anarxiya həddinə çatmışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra həyata keçirdiyi siyasi kurs dövlətimizin gerçək müstəqiliyini təmin etdi. Ölkədə sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın təməlində Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət dayanır.

“Bu gün Azərbaycan Ulu öndərin ideyaları əsasında inkişaf edir. Həmin siyasət Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən professor çıxışının sonunda son dövrlər əldə olunan uğurlardan söz açıb.

İnstitutun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev konfransda “Ümummilli lider Heydər Əliyevin ermənilərin Azərbaycana ərazi iddialarına qarşı mübarizəsi” mövzusunda məruzə edib.

Məruzəsində Heydər Əliyevi Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət adlandıran alim qeyd edib ki, Heydər Əliyev həm də ümummilli ideologiyamız olan Azərbaycançılıq ideologiyasının müəllifidir.

Alim bildirib ki, Ulu öndər həyatının bütün dövrlərində erməni saxtakarlığına, ərazi iddialarına qarşı qətiyyətlə mübarizə aparmış, ömrünün sonunadək mübarizəsini cəsarətlə davam etdirmişdir. Uzaqgörən lider ötən əsrin 60-cı illərindən etibarən çalışdığı bütün məsul vəzifələrdə ermənilərin riyakar əməllərinin qarşısının alınmasında yüksək qətiyyət nümayiş etdirmiş, təzyiqlərə rəğmən inadlı mübarizəsindən əl çəkməmişdir.

Qeyd olunub ki, ölkəyə rəhbərliyinin ikinci dövründə də bu ideyaya sadiq qalan Ümummilli liderin xalqımıza qarşı törədilən kütləvi qırğın və soyqırımlara hüquqi qiymət verməsi erməni vəhşiliyinin dünyaya bəyanı idi.

İnstitutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov konfransda “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda məruzə edib.

Məruzədə vurğulanıb ki, Ulu öndər ölkəmizin ərazi bütövlüyü, xüsusilə, Qarabağ problemini xarici siyasətin prioritet məsələsi kimi müəyyənləşdirmiş, dünya liderləri ilə rəsmi görüşləri, etdiyi səfərlər zamanı daim gündəmdə saxlamışdır.

İkinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevin göstərişi ilə ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlar, nail olunan müsbət dönüş qana susamış erməniləri atəşkəs imzalamağa məcbur etmişdir. Bunula yanaşı neft strategiyasının inkişafını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.

Məruzədə Azərbaycanın balanslı xarici siyasətindən və hazırda uğurla davamında ətraflı bəhs olunub.