Şeybaninaməartıq Azərbaycan oxucusu üçün də əlçatandır
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev illərdir əhatəli elmi-tədqiqatlarla bərabər, həm də türk tarixi, ədəbiyyatı ilə bağlı seçilən əsərlərin ana dilimizə peşəkar tərcüməsi ilə məşğuldur. Alim bugünədək rus, əski türkcə və müasir türk ədəbi dilindən 10 əsəri ana dilimizə tərcümə edərək nəşr etdirib.
Əbülfəz Quliyevin cağatay türkcəsindən ana dilimizə tərcümə etdiyi özbək şairi Məhəmməd Salihin “Şeybaninamə” poeması Azərbaycanda Atatürk Mərkəzinin xətti ilə çap olunub. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru isə Dəyanət Osmanlıdır.
Əsərin “Şah İsmayılın öldürdüyü hökmdar haqqında dastan” adlı müqəddiməsində deyilir ki, cağatay türkcəsi XIV əsrdən etibarən Orta Asiya türklərinin ümumi ədəbi dili mənasını ifadə etməyə başlamışdır. Burada cağatay türkcəsində yazıb-yaradan Əlişir Nəvai, Zəhirəddin Babur, Ubeydi, Molla Bənnai, Kamran Mirzə, Məhəmməd Salih, Bayram xan kimi şairlərin adları diqqətə çatdırılır, dövrün əsas nümayəndələrindən olan Məhəmməd Şeybani xan və Məhəmməd Salih haqqında məlumat verilir.
Şeybani xan haqqında ayrı-ayrı müəlliflərin də əsərlər yazdığını diqqətə çatdıran Əbülfəz Quliyev Məhəmməd Salihin irihəcmli “Şeybaninamə” məsnəvisini Orta Asiyanın XVI əsr tarixinin öyrənilməsində ən dəyərli qaynaqlardan biri kimi səciyyələndirir. Vurğulanır ki, Məhəmməd Salih cağatayca və farsca çoxsaylı əsərlər yaratsa da, günümüzədək çatan yeganə əsəri “Şeybaninamə”dir. Əsər dövrünə aid hadisələri realist boyalarla təsvir edir, Şeybani xanla Teymurilər arasındakı qanlı döyüşləri əks etdirir. Bu səbəbdən də əsər həm də cəngnamə səciyyəlidir. Əruz vəzninin rəməl bəhrində qələmə alınmış poema minacat, lirik mənzumələr və tarixi hadisələrin təsvirinin əks olunduğu 80 babdan ibarətdir.
“Şeybaninamə”nin günümüzədək gəlib-çatmış yeganə əlyazma nüsxəsi 1510-cu ildə köçürülmüş, həmin nüsxəni German Vamberi alman dilinə tərcüməsi ilə 1885-ci ildə nəşr etdirmişdir. Sonralar türkoloq P.M.Melioranski bu əsəri Sankt-Peterburqda, N.Dövran və E.Şadiyev müxtəlif vaxtlarda Daşkənddə, nəhayət, Y.Kocasavaş 1990-cı ildə İstanbulda nəşr etdirmişdir. Əsər Azərbaycan dilinə “Şeybaninamə”nin P.M.Melioranski, E.Şadiyev və Y.Kocasavaş nəşrləri əsasında tərcümə edilmişdir.
Tərcümə əsəri oxucuya məsnəvinin transkripsiyası ilə birgə təqdim olunmuşdur. Əsərin sonuna məsnəvidə adı çəkilən tarixi şəxsiyyətlərin adlarından, habelə toponimlərdən ibarət göstəricilər əlavə olunmuşdur.
Ana dilimizə ilk dəfə tərcümə edilmiş bu bədii əsər ədəbiyyatçı, dilçi və tarixçilər, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib