Gənc yaşda dünyadan köçən şair Əhliman Ərəfsəli ilə bağlı doğulduğu kənddə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birlikdə həyata keçirdikləri “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimlərinin rəhbərliyi ilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri müəyyən olunmuş mövzular üzrə elmi-tədqiqat aparırlar. Belə tədqiqat işlərindən biri də AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun elmi rəhbərliyi ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin XI sinif şagirdi Laçın Hacıyevanın yerinə yetirdiyi “Əhliman Ərəfsəlinin yaradıcılığında folklor izləri” mövzusudur.
Ərəfsə kənd tam orta məktəbində keçirilən “Əhliman Ərəfsəli: həyatı və yaradıcılığı” adlı tədbir də məhz bu layihə çərçivəsində gerçəkləşdirilib.
Tədbiri məktəbin direktoru Qənirə Cəfərova açaraq bir zamanlar həmin məktəbin şagirdi, sonra müəllimi olmuş şairin yad edilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra Naxçıvan Müəllimlər Assosiasiyasının sədri, “Sabahın tədqiqatçıları” layihəsinin rəhbəri, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova artıq 4 ildir yerinə yetirilən layihənin istedadlı və qabiliyyətli şagirdlərin üzə çıxarılmasındakı rolundan və bu layihədə qazanılan uğurlardan bəhs edib.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədov Əhliman Ərəfsəlinin Naxçıvan ədəbi mühitindəki yerindən və önəmindən söz açıb, Laçın Hacıyevanın ilk gündən şairin yaradıcılığındakı folklor izlərini araşdırmaq üçün həvəslə çalışdığını və nəticədə maraqlı bir işin yerinə yetirildiyini qeyd edib.
Ərəfsə kənd tam orta məktəbinin dərs hissə müdiri Ehtiram Süleymanov tədbirdə mərhum müəllim yoldaşı Əhliman Məmmədov haqqında xatirələrindən danışıb. Məktəbin müəllimləri Tərlan Nəcəfova, Rəqsanə Tapdıqlı çıxışlarında şairin dilinin rəvanlığı, axıcılığı, şeirlərinin milliliyi məsələsinə toxunublar.
Çıxışlardan sonra layihənin icraçısı Laçın Hacıyeva “Əhliman Ərəfsəlinin yaradıcılığında folklor izləri” mövzusunda məruzəsini təqdim edib. Şairin əsərlərində xalq yaradıcılığının müxtəlif janrlarından istifadə etdiyini dilə gətirən məktəbli-tədqiqatçı Əhliman Ərəfsəlinin atalar sözləri, məsəllər, bayatı, ağı, həmçinin nağıl, dastan, əfsanə və digər folklor janrlarındakı mövzu, motiv və obrazlardan məharətlə istifadə etdiyini, aşıq yaradıcılığının qoşma, gəraylı, təcnis və başqa janrlarında diqqətçəkən nümunələr ortaya qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məktəblilərdən Aytac Yunisova, Sahibə Musayeva, Nanə Hacızadə, Günay Musayeva, Turan Qafarlı, Aişə Hacıyeva, İlahə Əsgərova və Öznur Bayramlı tədbirdə şairin yaradıcılığından şeirlər səsləndiriblər.
Maraqlı keçən tədbirin sonunda Əhliman Ərəfsəlinin ömür-gün yoldaşı Gözəl Məmmədova və oğlu Rəşad Məmmədov tədbirin keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Laçın Hacıyevanın layihə çərçivəsində hazırladığı məqaləsi Bakı Mühəndislər Universitetində aprel ayının 28-29-da keçirilən “Gənc tədqiqatçıların VII Beynəlxalq elmi konfransı”na göndərilmişdir. Sevindirici haldır ki, məqalə qəbul edilmiş və ilk dəfə bir məktəbli həmin beynəlxalq konfransda məruzə ilə çıxış etmə haqqı qazanmışdır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək konfransda Laçın Hacıyeva layihə çərçivəsində yerinə yetirdiyi tədqiqatını yüzlərlə elm adamının – professor, dosent və çoxsaylı tələbə heyətinin qarşısında təqdim edəcək.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib