AMEA Naxçıvan Bölməsi

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir


18.04.2023 / 17:53Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ölkəmizdəki tarix-memarlıq abidələri xalqımızın zəngin tarixi keçmişinin, mədəni inkişafının və memarlıq ənənələrinin sübutudur. Bu abidələri qorumaq hər birimizin borcu, ən ümdə vəzifəsidir.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tədbirdə “Tariximizin öyrənilməsində abidələrimizin əhəmiyyəti” mövzusunda məruzə edib.

“Hər bir ölkənin sahib olduğu tarix və mədəniyyət abidələri tarixən həmin bölgədə məskunlaşmış xalqın mədəni inkişafının göstəricisidir”, - söyləyən professor məruzəsində bədnam qonşularımızın tarixi saxtalaşdırma cəhdləri və bəzi tarixi abidələrimizi mənimsəməsi probleminə toxunub.

Naxçıvanda hələ XIX əsrin 70-ci illərindən başlayaraq həvəskar mütəxəssislər tərəfindən arxeoloji qazıntıların aparıldığını qeyd edən alim bildirib ki, Naxçıvan və Qarabağ bölgəsində mövcud olan qədim yaşayış məskənlərinin tədqiqi əcdadlarımızın həyat tərzi, keçdiyi mədəni inkişaf yolu barədə əhatəli məlumat almağa imkan verir.

Vəli Baxşəliyev bildirib ki, Sovet hakimiyyəti dönəmində xristian faktorunun və ölkəmizə qarşı qərəzli münasibətin təsiri ilə Cənubi Qafqaz üçün xarakterik olan boyalı qablar mədəniyyətinin beşiyinin Gürcüstan bölgəsi olması barədə yalnış bilgilər elmi ictimaiyyətə təlqin olunmuşdur. Lakin müstəqillik illərində Naxçıvanda aparılan arxeoloji araşdırmalar, aşkar olunan tapıntılar əsasında bu mədəniyyətin başlağıcını buradan götürdüyü, yaylaq maldarlığı ilə əlaqədar olaraq bu mədəniyyətin Gürcüstana və indiki Ermənistana yayıldığı sübuta yetirilmişdir. Son araşdırmalar zamanı I Kültəpə yaşayış yerindən aşkar olunan e.ə.VII minilliyin II yarısına aid tapıntıların analizi nəticəsində abidənin Cənubi Qafqazda ən qədim yaşayış yeri olması sübuta yetirilmişdir.

Məruzəsində abidələrin qorunmasının vacibliyini qeyd edən alim əhalinin maarifləndirilməsinin müstəsna önəminindən danışıb. Vurğulanıb ki, tarix və mədəniyyət abidələrini qorumaq hər bir ziyalının, hər bir vətəndaşın borcudur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.