AMEA Naxçıvan Bölməsi

Heydər Əliyev ideyaları və müasir dövr mövzusunda respublika konfransı keçirilib


17.04.2023 / 17:21Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib.

Konfransdan öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyaraq, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilər Ulu öndərin həyatını, ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Daha sonra Naxçıvan Bölməsində təşkil olunan “Heydər Əliyev - 100” adlı sərgiyə baxış olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu, noyabr ayının 28-də 18 maddədən ibarət Tədbirlər Planının təsdiq edildiyini bildirib. Ümummilli liderin zəngin siyasi irsinin hərtərəfli öyrənilməsi məqsədilə elmi-kütləvi tədbirlərin keçirildiyini diqqətə çatdıran bölmə rəhbəri belə tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.

Konfransda “Azərbaycanla adı qoşa çəkilən ümummilli lider” mövzusunda məruzə edən akademik İsmayıl Hacıyev diqqətə çatdırıb ki, hərtərəfli biliyə, yüksək idarəçilik qabiliyyətinə, əsl siyasi uzaqgörənliyə sahib Heydər Əliyev şəxsiyyəti dünyanın ən tanınmış siyasi xadimləri ilə eyni nüfuza malikdir. Təsadüfi deyil ki, dünya siyasətində həlledici rol oynamış liderlər Ulu öndərin idarəçilik bacarığını, liderlik xüsusiyyətlərini təqdir etmişlər. Akademik bəzi dövlət xadimlərinin Heydər Əliyev barədə söylədikləri fikirlərdən sitatlar gətirərək qeyd edib ki, ölkəmizin dünya siyasət meydanında tanınması dahi rəhbərin yorulmaz və uzaqgörən fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin adının Azərbaycanla qoşa çəkildiyini qeyd edən İsmayıl Hacıyev Ulu öndərin ölkəyə rəhbərliyi dövründə iqtisadi, sənaye, mədəni, aqrar və başqa sahələrdə qeydə alınan nailiyyətlərdən söz açıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli konfransda “Ümummilli lider Heydər Əliyevin bir millət iki dövlət düsturu Azərbaycan - Türkiyə birliyinin yol xəritəsidir” mövzusunda məruzə edib. Alim ölkəmizin bugünkü inkişafının, əldə olunan uğurların dahi rəhbər Heydər Əliyevin hazırladığı sağlam təməllər əsasında formalaşdığını bildirib. Ulu öndərin Türk dünyasına, xüsusilə Türkiyə ilə münasibətlərə xüsusi önəm verməsindən, bu mövzuda gənclərə verdiyi tövsiyələrdən danışıb.

Məruzəçi Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qardaş Türkiyəyə ilk rəsmi səfərindən, “Ümid körpüsü”nün açılmasından, habelə sonralar ölkəyə rəhbərliyi zamanı etdiyi səfərlərdən və imzalanan mühüm əhəmiyyətə  malik sənədlərdən söz açıb.

Eynulla Mədətli Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrinin mahiyyətindən, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın xarici diplomatiyasının formalaşdığı dövrdə, eləcə də blokada vəziyyətində olan Naxçıvan əhalisinə Türkiyənin dəstəyindən danışıb. 2009-cu ildə imzalanan Naxçıvan Bəyannaməsini Heydər Əliyev ideyalarının uğurlu davamı kimi xarakterizə edib. Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin dəstəyinin bu qardaşlığın davamı olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin məruzəsi “Heydər Əliyevin İpək yolu strategiyası və Azərbaycan” mövzusunu əhatə edib. Rektor Heydər Əliyevin memarı olduğu İpək yolu layihəsinin bugün reallaşmış nəticələrindən danışıb. Azərbaycanın coğrafi üstünlüyündən qaynaqlanan, müəllifi və təşəbbüskarı olduğu layihələrin perspektivlərindən söz açan Elbrus İsayev qlobal layihələrin önəmindən, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində ölkəmizin daşıdığı logistik mərkəz funksiyasından, hava nəqliyyat marşrutlarının mümkün perspektivlərindən bəhs edib.

Ulu öndərin ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və bu uzaqgörənliyin Azərbaycanın bugünkü inkişafı üçün qazandırdığı töhfələrdən danışan alim həmçinin Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyinə müsbət təsirlərini diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda “Heydər Əliyev və türk dünyası” mövzusunda məruzə edib.

Professor türk xalqlarının birliyinə hər zaman xüsusi önəm verən Ulu öndər Heydər Əliyevin milli ideallarımıza həmişə böyük hörmətlə yanaşdığını, tariximizin və mədəniyyətimizin köklərinə nüfuz edən mühüm məsələlərə xüsusi diqqət yetirdiyini qeyd edib.

Ümummilli lider Heydər Əliyevin türk yazılı abidələrinin qorunması və təbliği işinə diqqətindən söz açan alim ulu öndərin “Kitabi-Dədə Qorqud”un 1300, “Manas”ın 1000, qazax şairi, filosofu Abayın 150, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, ədəbiyyatımızın görkəmli nümayəndəsi Məhəmməd Füzulinin 500 illik yubileyinin türk dövlətlərinin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi qiymətləndirməsindən, tanınmış qazax şairi Oljas Süleymenova göstərdiyi dəstəkdən danışıb.

Konfransda “Heydər Əliyevin milli irsimizin tədqiqinə qayğısı” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işinə diqqətindən, məsələ ilə bağlı görülən tədbirlərdən söz açıb.

Bu fəaliyyətin müstəqillik illərində də davam etdirildiyini bildirən professor Heydər Əliyevin göstərişi ilə tarix mədəniyyət abidələrinin qorunması və elmi tədqiqatların hüquqi bazasının yaradıldığını, 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun qəbul olunduğunu xatırladıb.

Alim tariximizin, ulu əcdadlarımızın, habelə Naxçıvanın bölgədəki ictimai-siyasi, mədəni və iqtisadi rolunun öyrənilməsi məqsədilə həyata keçirilən yerli və beynəlxalq səviyyəli arxeoloji ekspedisiyalar, arxeoloji qazıntılar nəticəsində əldə olunan mühüm maddi mədəniyyət nümunələri və elmi faktları diqqətə çatdırıb.

Konfrans öz işini bölmə iclasları üzrə davam etdirib.