AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və milli məfkurə” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Ölkə başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran akademik respublika səviyyəsində çoxsaylı tədbirlərin, konfransların keçirildiyini bildirib. Naxçıvan Bölməsində Ulu öndərin 100 illiyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan konfranslar, çap olunacaq nəşrlər barədə danışan bölmə sədri qeyd edib ki, bugün keçirilən konfransla yanaşı, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı kitabı nəşrə hazırlayır.
Bölmə rəhbəri Heydər Əliyevin siyasi fəaliyyəti, ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və Azərbaycan tarixindəki müstəsna xidmətlərindən bəhs edib.
Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda “Ümummilli lider Heydər Əliyev və türk dünyası” mövzusunda məruzə edib.
Professor bildirib ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Türk xalqlarının birliyinə xüsusi önəm verən Ulu öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşmış, milli tariximizin, dilimizin və ədəbiyyatımızın, milli mədəniyyətimizin köklərinə nüfuz etmiş ümdə məsələlərə diqqəti yönəltmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə etmişdir.
Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur.
Əbülfəz Quliyev məruzəsində həmçinin ulu öndər Heydər Əliyevin türkologiyaya, türkoloqlara qayğısından, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə diqqətindən söz açıb.
Konfransda “Ulu öndər Heydər Əliyev və milli ideologiya” başlıqlı məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov milli düşüncəmizin əsasını təşkil edən Azərbaycançılıq məfkurəsi barədə danışıb. Alim bildirib ki, Azərbaycan xalqının ümummilli ideologiyası kimi Azərbaycançılıq məfkurəsinin formalaşması və bitkinləşməsi ümummilli lider Heydər Əliyevin xidmətləri və zəngin təcrübəsi sayəsində mümkün olmuşdur. Özünəqədərki ideoloji tezisləri təcrübə edən və ümumiləşdirən dahi lider uzunmüddətli liderlik dönəmində bu məfkurənin həyata keçirilməsi və kütləviləşməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir.
Məruzəçi daha sonra ideologiyamızın üç əsas prinsipi olan vətənçilik, milli-mənəvi dəyərlərə sədaqət və həmrəylik məsələlərindən, Ulu öndərin xalqımızın birliyini təmin etmək üçün öhdəsinə götürdüyü tarixi missiyadan və həmin missiyanın bu gün uğurla davamından söz açıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova konfransda “Ümummilli lider Heydər Əliyev və folklor” mövzusunda məruzə edib.
Milli ideyaların və adət-ənənələrimizin qorunması, gələcək nəsillərə ötürülməsi məsələsinin Ümummilli lider tərəfindən prioritet məqsəd kimi müəyyənləşdirildiyini söyləyən məruzəçi diqqətə çatdırıb ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi Ulu öndərin milli ruha, qədim etnik düşüncəyə, ulu söykökə bağlılığına ən bariz nümunədir. Ömrünü bu mərama həsr edən Heydər Əliyevin fəaliyyətinin əsasında türkçülük düşüncəsinin yaşaması və qorunması ideyası dayanır. Uzaqgörən lider bu məqsədini kəskin irtica rejimində üstüörtülü, müstəqillik dövründə isə əzmlə gerşəkləşdirmişdir.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzulu məruzəsində fəaliyyəti boyu milli dəyərlərimizə himayədarlıq edən dahi rəhbərin ana dilimizə qayğısından bəhs edib.
Tədqiqatçı diqqətə çatdırıb ki, Ulu öndər ana dilinin milli-tərbiyəvi əhəmiyyətini həmişə üstün tutmuş və vacibliyini vurğulamışdır. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, Heydər Əliyevin 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalaması, 2002-ci ildə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində növbəti addımlar olmuşdur.
Azərbaycanda siyasi natiqlik məktəbinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən məruzəçi həmçinin Ulu öndərin çıxışlarındə atalar sözləri, zərbi-məsəllər və başqa nitq elementlərindən istifadəsinə diqqət çəkib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib