AMEA Naxçıvan Bölməsi

Yeni monoqrafiya təqdim olunub


03.04.2023 / 17:23Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun yeni nəşr olunmuş “Fədakar ölkəşünas alim: Hacı Mirbağır Mirheydərzadə” monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışı zamanı Fərman Xəlilovun elmi fəaliyyətinə nəzər salaraq bildirib ki, alimin tədqiqatlarında Hacı Mirbağır Mirheydərzadənin elmi və ictimai fəaliyyətinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Onun hələ 2005-ci ildə nəşr olunmuş “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabı bu gün də bir sıra suallara aydınlıq gətirmək üçün etibarlı mənbədir.

Bölmə sədri qeyd edib ki, monoqrafiyada din xadimi, tədqiqatçı, ölkəşünas, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi olmuş M.Mirheydərzadənin həyatı, çoxşaxəli fəaliyyəti əsaslı araşdırılmışdır.

Din xadimi olduğu üçün təzyiqlərə məruz qalmasından, həyatının sonrakı dövrlərində Naxçıvanın etnoqrafiyası, adət-ənənələri barədə vacib məlumatları qeyd etməsindən danışan akademik qeyd edib ki, təzadlı ömür sürən elm xadiminin fəaliyyətində ən mühüm yeri Naxçıvan tarixinin, arxeologiyasının, etnoqrafiyasının öyrənilməsi tutur. M.Mirheydərzadənin Naxçıvan şəhərində, Ordubad, Culfa və Şərur rayonlarındakı tarix-memarlıq abidələri barədə olduqca sanballı fikirləri və qeydləri vardır.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev tədbirdə “Mirbağır Mirheydərzadə: unudulmaz ölkəşünas, etnoqraf, tarixçi və muzeyşünas kimi” mövzusunda məruzə edib.

Əvvəlcə M.Mirheydərzadənin həyatı haqqında ətraflı məlumat verən məruzəçi, onun elmi və ictimai fəaliyyəti barədə təqdimat iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, M.Mirheydərzadə dövrünün tanınmış elm mərkəzlərində mükəmməl təhsil alaraq, zəngin dünyagörüşünə yiyələnmiş, ərəb, fars və rus dillərini dərindən mənimsəmişdir. Din xadimi olduğuna görə bir neçə dəfə həbs olunmuş, Çar hökumətinin təzyiqlərinə məruz qalmışdır. 1925-ci ildən həyatını elmə həsr edən M.Mirheydərzadə ömrünün sonuna kimi elm yolunda irəliləmiş, Naxçıvanın hərtərəfli tədqiqinə töhfələr vermişdir.

M.Mirheydərzadənin həmin çoxşaxəli fəaliyyəti filologiya elmləri doktoru Fərman Xəlilovun tədqiqatları sayəsində 3 fəsildən ibarət, 200 səhifəni əhatə edən monoqrafiyada əksini tapmışdır. Əsərdə ölkəşünas alimin Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili və fəaliyyətində göstərdiyi xidmətləri, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasındakı rolu əsaslı surətdə tədqiq olunmuş, Naxçıvan bölgəsinə aid folklor materialları və maddi mədəniyyət nümunələrinin toplanılmasındakı, tarixi abidələrin qeydə alınmasındakı xidmətləri araşdırılmışdır.

Əsərdə “Naxçıvan tarixi” əsərinin ilk dəfə olaraq sistemli tədqiqata cəlb edildiyini diqqətə çatdıran məruzəçi söyləyib ki, Fərman Xəlilov çox əhatəli və dərin araşdırma aparmışdır. Monoqrafiya müəllifin muzey və arxivlərdə gərgin əməyinin, “Naxçıvan tarixi” əsərinin tapılması və tədqiqata cəlb olunması üçün uzunmüddətli axtarışlarının uğurlu nəticəsidir.

Məruzənin ardından AMEA-nın müxbir üzvləri, professor Əbülfəz Quliyev və professor Hacıfəxrəddin Səfərli, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov çıxış edərək Naxçıvan mədrəsələrinin tarixən mədəni inkişafa verdiyi töhfələrdən danışıblar, M.Mirheydərzadəni numizmat, etnoqraf, arxeoloq kimi xarakterizə ediblər.

Çıxış edənlər əlyazma mətnləri ilə işləməyin məsuliyyətindən, tədqiqatçıdan tələb olunan diqqət və iradədən bəhs ediblər. Yeni çapdan çıxmış monoqrafiyanın tədqiqatçılar və bu sahəyə maraq göstərənlər üçün faydalı elmi mənbə olacağına ümidvar olduqlarını bildirərək müəllifə səmərəli elmi fəaliyyətində müvəffəqiyyət arzu ediblər.

Sonda çıxış edən əsərin müəllifi Fərman Xəlilov M.Mirheydərzadənin “Naxçıvan tarixi” əsərinin uzunmüddətli axtarışından danışıb, monoqrafiyanın ərsəyə gəlməsində əməyi olan, əsəri redaktə edən, fikir və rəyləri ilə dəstək olan alimlərə, tədqiqatçılara təşəkkürünü bildirib.